Bu gün daha 4 güləşçimiz Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında mübarizə aparacaq.

Offsideplus.az xəbər verir ki, 57 kq-da çıxış edən Jalə Əliyeva təsnifat mərhələsində almaniyalı Amori Andriçlə qarşılaşacaq. Ruzanna Məmmədova (62 kq) Ukrayna təmsilçisi İlona Prokopevnyuk ilə üz-üzə gələcək. Birgül Soltanova (65 kq) 1/4 finalda Krista İnceni sınağa çəkəcək.

Günay Qurbanova (59 kq) isə bürünc medal uğrunda görüşdə Marta Getmanova (UWW) ilə qarşılaşacaq.

Xatırladaq ki, millimiz Avropa çempionatında bu günə qədər 5 medal qazanıb. Yunan-Roma güləşçilərimizdən Həsrət Cəfərovla (67 kq) Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc medal əldə ediblər. Yunan-Roma güləşi yığmamız isə komanda hesabında Avropa çempionu olub.