Misli Premyer Liqasında cari mövsüm maraqlı mübarizənin şahidi oluruq.
“Sabah” bu mövsüm göstərdiyi performansla rəqiblərini qabaqlamağı bacarıb. Onlar sona 8 tur qalmış ikinci “Qarabağ”dan (bir oyun az keçirib) 10 xal öndədir. “Bayquşlar” həm hücum, həm də müdafiə xəttindəki mükəmməl performansı ilə rəqiblərini arxada qoymağı bacarıb. Statistik göstəricilər komandanın çempionatda ən stabil və güclü kollektiv olduğunu təsdiqləyir.
Hücum və müdafiənin harmoniyası
“Sabah” hazırda liqanın həm ön, həm də arxa xəttində ən yaxşı göstəricilərə malikdir: Komanda vurduğu qolların sayına görə çempionatda ən yaxın rəqibi “Qarabağ”dan 12 qol öndədir. Yaradıcı oyun tərzi və hücumçuların məhsuldarlığı "Sabah"ı liqanın ən qorxulu hücum xəttinə çevirib.Təsadüf deyil ki, onlar Premyer Liqanın son 4 turunda 18 qol vurmağı bacarıb. Ümumi vurulan qol sayı isə 60-a bərabərdir.
Onu da əlavə edək ki, hazırda çempionatın 3 bombardirindən ikisi Masazır təmsilçisində çıxış edir: Coy-Lens Mikels (15 qol) və Velko Simiç (10 qol).
Eyni zamanda, “Sabah” cari mövsümdə rəqiblərinə ən az qol vurmaq imkanı verən komandadır. Cəmi 17 qol buraxmaqla (“Turan Tovuz” ilə birlikdə bu göstəricidə ən yaxşıdır), müdafiə intizamının yüksək səviyyədə olduğunu sübut edir.
Şəxsi oyunlarda üstünlük: Rəqiblərə şans verilmir
Turnir cədvəlindəki birbaşa rəqiblərlə qarşılaşmalar komandanın real gücünü göstərən əsas amildir. Cari mövsümdə şəxsi oyunlarda “Sabah” rəqiblərindən statistik olaraq üstündür. Bu, həm taktiki hazırlığın, həm də böyük oyunlarda futbolçuların nümayiş etdirdiyi yüksək konsentrasiyanın nəticəsidir.
25 turdan sonra “bayquşlar”ın ilk 4 pillədə qərarlaşan komandalara qarşı statistikasına nəzər yetirək:

Cəmi bir heç-heçə, digər oyunlarda isə Valdas Dambrauskasın komandası üstün olub. Hətta “Zirə” və “Turan Tovuz”a qarşı keçirilən oyunlarda onlar rəqiblərini minimum 2 top fərqi ilə məğlub etməyi bacarıb.
Yay transferləri
Yay “transfer pəncərəsi”ndə heyətə cəlb edilən oyunçular komandanın bu uğurlu performansında həlledici rol oynayırlar:
Aron Maluda, Velko Simiç, Timoteuş Puxaç, Stiv Solvet və Akim Zedadka komandanın əsas üzvləridir. Yenidən “bayquşlar”a qayıdan Aleksey İsayev də cari mövsüm çempionluğa gedən kollektivin əsas simalarından biridir.
Transferlərdəki bu uğurlu seçimlər “Sabah”ı zirvəyə aparan əsas amillərdən biri oldu.
Hakim qərarları və oyun intizamı
Liqada hər bir komandanın lehinə və ya əleyhinə verilən qərarlar olsa da, "Sabah"ın bu mövsümkü nəticələri hər hansı bir kənar amildən deyil, birbaşa oyun keyfiyyətindən asılıdır. Heç bir klubun hakim səhvlərindən sığortalanmadığı bir mühitdə, "Sabah" həm ən çox qol vuran, həm də ən az qol buraxan komanda olaraq öz gücünü meydanda sübut edir. Valdas Dambrauskasın komandası rəqiblərindən bir baş üstündür. Hətta bir neçə baş.
Bütün bunların fonunda biz ayyarım sonra Misli Premyer Liqasında yeni bir çempion görə bilərik.


