"Qarabağ" Misli Premyer Liqasının ilk turunda "Şamaxı"nı 3:1 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, Qurban Qurbanov görüşdən sonra oyunla bağlı fikirlərini bildirib:

"Gərgin oyun alındı. İkinci hissə daha dinamik keçdi. Vacib qələbə qazandıq. Futbolçularım qarşıdakı gərgin oyunlara həm fiziki, həm də psixoloji cəhətdən hazır olmalıdırlar".

Təcrübəli mütəxəssis zədələnən Renaldo Sefasın durumuna da toxunub:

"Əzələsində gərginlik var idi. Risk etmədik, meydandan çıxardıq. Sabah durumu daha dəqiq bilinəcək".

O, Abdullah Zubirin gedişi ilə bağlı bunları söyləyib:

"Biz ona vida matçı təklif etməmişik. Zubirin gedişi bir neçə gün ərzində baş tutdu. İndiyə qədər heç bir futbolçuya vida oyunu təklif etməmişik. Hazırda buna vaxtımız da yoxdur. Gələcəkdə bu haqda düşünmək olar. Zubir və onun kimi komandamızda uzun illər çıxış edən digər oyunçular üçün belə qarşılaşmalar təşkil etmək olar".

İstərdim ki, Zubir kimi futbolçularımız daha çox olsun.

Q. Qurbanov transfer çalışmalarının da davam etdiyini deyib:

"Hazırda təkcə Zubirin mövqeyinə yox, hücumun bütün zonalarına yeni oyunçular axtarırıq".

"Tvente" ilə matçlar barədə də danışıb:

"PFL-in qaydalarına görə yalnız pley-off oyunları zamanı Premyer Liqa qarşılaşmalarını təxirə salmaq mümkündür. O matç da artıq təxirə salınıb. “Tvente”ni izləyəcəyik, analiz edəcəyik. Komandamızı ona uyğun hazırlayacağıq".

O, Kadi ilə bağlı isə bunları söyləyib:

"Bəli, Kadi əvvəlki formasından uzaqdır. Amma yaxşılığa doğru gedir. Əgər öz oyununu taparsa, komandaya daha çox xeyir verə bilər".