Çimərlik güləçi üzrə Azərbaycan millisinin baş məşqçisi Oyan Nəzəriani bu ay Bakıda keçiriləcək yarışlarla bağlı fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, mütəxəssis Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında hazırlıq prosesinin intensiv şəkildə davam etdiyini bildirib:

"Bu çimərlik güləşində bir ilk olacaq. Digər təlim-məşq toplanışlarından fərqli olaraq, bu dəfə hazırlıq prosesində yerli idmançılarla yanaşı, xarici güləşçilər də iştirak edəcəklər. Toplanış yarış gününə qədər davam edəcək və 6-dan çox ölkədən idmançılar orada yer alacaq. Ümid edirik ki, bu hazırlıq bizim üçün faydalı və məhsuldar olacaq".

Nəzəriani heyət seçiminin artıq yekunlaşdığını vurğulayıb:

"Bəli, heyətimiz artıq müəyyənləşib. Heyətin formalaşdırılmasında ölkə çempionatının nəticələri, təlim-məşq toplanışları zamanı idmançıların ümumi hazırlıq səviyyəsi, eləcə də yoxlama görüşlərindəki çıxışları nəzərə alınıb. Çalışmışıq ki, yarış üçün ən güclü və ən layiqli idmançıları seçək. Təbii ki, heyətə düşə bilməyən güləşçilərimiz də digərlərindən heç də geri qalmırlar. Sadəcə, hər yarışın öz prioritetləri var. Hazırkı mərhələdə daha hazırlıqlı və daha güclü olan idmançılara üstünlük verməyə çalışmışıq. Ölkəmizin bu yarışa ev sahibliyi etməsi çimərlik güləşi baxımından bizim üçün bir ilkdir. Bu səbəbdən tədbir həm təşkilati baxımdan, həm də güləşçilərin fiziki və psixoloji hazırlığı baxımından mühüm sınaq olacaq. Azərbaycan çimərlik güləşi üzrə dünyada qabaqcıl ölkələrdən biri sayılır. Demək olar ki, hər il yaxşı nəticələr əldə edirik. İnanırıq ki, bu yarışda da güləşçilərimiz uğurlu çıxış edəcəklər. Əsas məqsədimiz yüksək hazırlıq səviyyəmizə və özümüzə olan inamımıza söykənərək "doğma divarlar" arasında yaxşı nəticələr qazanmaqdır. İdmançılarımızla bu istiqamətdə söhbətlər aparır, onların yarışa həm fiziki, həm də psixoloji baxımdan tam hazır olmalarına çalışırıq".

Nəzəriani yarışda 4 qitədən idmançıların iştirak edəcəyini, konkret rəqib seçmədiklərini və bütün görüşlərə eyni ciddiyyətlə yanaşacaqlarını bildirib:

"Bu yarışda 4 qitədən idmançılar iştirak edəcək və kifayət qədər güclü ölkələrin nümayəndələri mübarizə aparacaqlar. Lakin konkret olaraq hansısa ölkənin və ya idmançının adını çəkmək istəmirəm. Bizim komandanın fəlsəfəsi ondan ibarətdir ki, istənilən rəqibə qarşı ciddi hazırlaşırıq və hər bir rəqibə eyni dərəcədə hörmətlə yanaşırıq. Bizim üçün qarşıdakı ilk rəqib ən ciddi rəqibdir. Buna görə də hər görüşə maksimum konsentrasiya ilə yanaşacağıq."

Qeyd edək ki, yeniyetmələr arasında dünya çempionatı 27 avqustda, böyüklər arasında Dünya Seriyasının IV mərhələsi isə 28-29 avqustda "Sea Breeze" istirahət mərkəzində keçiriləcək.