“Bu oyuna bəzi itkilərlə gəlmişdik, zədəli futbolçularımız vardı”.

Offsideplus.az xəbər verir ki, bu sözləri mətbuat konfransında “Kəpəz”in baş məşqçisi Azər Məmmədov deyib.

Mütəxəssis Misli Premyer Liqasının IX turunda “Şəfa” üzərində qazandıqları (2:1) qələbəni şərh edib: “Ağır oyun olacağını bilirdik. Fikrimcə, birinci hissə daha yaxşı keçdi. Hesabı açmağa layiq idik, sadəcə sonluq çatışmadı. İkinci hissədə isə “Şəfa” təzyiq göstərdi və bizə qol vurdu. Qoldan sonra sistemdə bəzi dəyişikliklər etdik. Həmin dəyişikliklər komandamıza fayda verdi və uşaqların layiqli oyunu nəticəsində qələbə qazandıq”.

Məşqçi avrokubok iddiaları ilə bağlı sualı belə cavablandırıb:

“Hazırda komandamızın uğurlu seriyası var. Düşünürəm ki, bu, futbolçuların çəkdiyi əziyyətin bəhrəsidir. Yığdığımız xallara baxmayaraq, fikrimcə, daha çox işləməliyik. Çatışmayan cəhətlərimiz var və onların üzərində işləməliyik. Artıq uşaqlar bir-birinə öyrəşir və öz oyunlarını tapıblar. Qışadək bu cür davam etsək, bu, artıq bizim üçün uğur olacaq. Əlbəttə ki, yeni transferlər istəyirik, ancaq daha yüksək yerlər uğrunda mübarizə aparmağa, fikrimcə, hələ tam hazır deyilik”.

Qeyd edək ki, "Sarı-göylər"in qollarını 74-cü dəqiqədə penaltidən Şakir Seyidov, 80-ci dəqiqədə Blessinq Olabiran vurublar. Meydan sahiblərindən 55-ci dəqiqədə Maudo Jarjue fərqlənib.