Yunan-roma güləşi üzrə U-20 Dünya Çempionatında Azərbaycan milli komandasının üzvləri mübarizəni davam etdirir.
Offsideplus.az xəbər verir ki, pəhləvanlarımızdan Emin Cavadlı (55 kq) mundiala inamlı start verib. Avropa çempionumuz Nolan Pissoşey (Fransa, 11:0) və Edqar Petrosyana (Ermənistan, 10:1) tam üstünlüklə, İliya Kandalinə (Rusiya, 4:2) isə xal hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. O, finala gedən yolda gürcüstanlı Koba Karumidze ilə qarşılaşacaq.
Tural Əhmədov (63 kq) təsəlliverici görüşdə finlandiyalı Matiyas Yuhani Arpiaynenə şans verməyərək (8:0) növbəti mərhələyə vəsiqə qazanıb. Güləşçimiz axşam seansında ekvadorlu Klizman Velizlə üz-üzə gələcək.
Diqər təmsilçilərimizdən Murad Əliyev (67 kq) 1/8 finalda Yurik Mxitaryana (Ermənistan, 6:13), Kamran Rəcəbli (72 kq) Behruzbek Vəliyevə (Özbəkistan, 0:8), Rihad İbrahimli (97 kq) isə Ryozey Katamatsuya (Yaponiya, 1:4) məğlub olublar.
Ötən gün finala yüksələn Cavidan Nehmətov bu gün qızıl medal uğrunda güləşəcək.
Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 19:00-da, medal görüşləri isə 20:00-da başlayacaq.


