AFFA İntizam Komitəsi növbəti iclasında Misli Premyer Liqası klublarına qarşı yeni cərimələr tətbiq edib.
Offsideplus.az xəbər verir ki, ən böyük cərimə ilə "Neftçi" üzləşib. Belə ki, sonuncu turun "Turan Tovuz"la matçında azarkeşlərin təhqiredici pankart açması "ağ-qaralar"a 15 000 manata başa gəlib. Bundan əlavə, klub tərəfdarlarının hakim ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr işlətməsi və bu halın cari mövsümdə 5-ci dəfə təkrarlanması səbəbindən "Neftçi"yə daha 8 000 manat əlavə cərimə kəsilib.
Bununla da Bakı təmsilçisi ümumilikdə 23 000 manat ödəyəcək.
Turun digər qarşılaşmalarında da intizam pozuntuları qeydə alınıb.
"Şamaxı" – "İmişli" görüşündə qonaq komandanın 5 üzvü sarı vərəqə ilə cəzalandığı üçün İmişli təmsilçisi 700 manat ziyana düşüb. Eyni məbləğdə cərimə ilə "Kəpəz" də üzləşib. Gəncə təmsilçisi "Zirə" ilə oyunda 4 oyunçusunun sarı vərəqə almasına görə 700 manat ödəməli olacaq.


