UFC-nin ən yüngül çəki dərəcəsində çıxış edən Allan Nasimentonun vəfatı idman ictimaiyyətində ciddi müzakirələrə səbəb olub. İdman həkimi Valentin Belyaevski bildirib ki, Nasimentonun çəki salma prosesi həddindən artıq riskli olub və bu, onun sağlamlığı üçün təhlükəli nəticələr doğura bilərdi.
Offsideplus.az xəbər verir ki, Belyaevski açıqlamasında qeyd edib: "Əgər idmançı mövsümdənkənar dövrdə həqiqətən bu qədər artıq çəkidə olubsa, bədənin 16-17 faizini itirmək kritik həddir. Mən belə bir müraciət olsaydı, imtina edərdim, çünki bu, sağlamlıq üçün son dərəcə təhlükəlidir. 5 faizə qədər çəki itirmək təhlükəsiz sayılır, 5-8 faiz artıq bədənə ciddi yükdür, 8-10 faiz ağır çəki salmadır və risklər artır. 10-12 faizdən yuxarı isə bu, artıq ekstremal dehidratasiya deməkdir. Amma Nasimentonun ölümünün məhz çəki salma ilə bağlı olduğunu qəti şəkildə demək olmaz. Bu, yalnız ağır dehidratasiya zamanı, çəkiölçməyə bir neçə gün qalmış baş verərsə, birbaşa səbəb kimi göstərilə bilər. Əks halda, çəki salma amili ciddi rol oynasa da, əsas səbəb olmaya bilər. Döyüşçünün gizli xəstəliyi və ya döyüşdən sonra keçirdiyi infeksiya da ürəkdə fəsad yarada bilərdi."
Qeyd edək ki, UFC 4-2 nəticəsi olan Nasimento 34 yaşında yuxuda ürək tutmasından vəfat edib. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.


