Almaniya millisinin təcrübəli mərkəz oyunçusu Daniel Tays karyerasını "Makabi"də davam etdirəcək. 34 yaşlı basketbolçu İsrail klubuna iki illik müqavilə ilə qoşulub.
Offsideplus.az xəbər verir ki, bu barədə "Makabi" rəsmi açıqlama yayıb. Klubun sədri Şimon Mizrahi transferi belə dəyərləndirib: "Bu, çox önəmli bir transferdir. Daniel Tays təcrübəli oyunçudur və onun gəlişi müdafiə baxımından da komandamıza böyük güc qatacaq. Uzun danışıqlardan sonra onu komandamıza gətirdiyimiz üçün sevincliyəm".
Baş məşqçi Oded Katash isə bildirib: "Daniel Tays komandamıza böyük təcrübə gətirəcək. O, həm NBA, həm də EuroLeague səviyyəsində çıxış edib, Almaniya ilə dünya və Avropa çempionu olub. Qalib komandanın nə demək olduğunu və buna necə nail olmağın yollarını yaxşı bilir. Peşəkar baxımdan, həm içəridə, həm də kənarda oynaya bilən çox yönlü mərkəzdir və bu mövqedə bizə böyük çeviklik verəcək. Birlikdə işləməyi səbirsizliklə gözləyirik".
Daniel Tays yüksək səviyyəli müdafiə və hücum bacarıqları, hər iki istiqamətdə fəallığı, pick-and-roll oyununda effektivliyi ilə seçilir. O, 1992-ci il aprelin 4-də Almaniyanın Salzgitter şəhərində anadan olub. Karyerasına "Braunschweig"in gənclər sistemində başlayıb, daha sonra "Ulm"a keçib və burada mövsümün ən yaxşı gənc alman basketbolçusu seçilib.
2014-cü ildə "Brose Bamberg"lə müqavilə imzalayan Tays ardıcıl üç dəfə Almaniya çempionu olub və EuroLeague-də çıxış edib. 2017-ci ilin yayında "Boston Seltiks"ə keçib və burada dörd mövsüm oynayıb. Daha sonra "Çikaqo", "Hyuston", "İndiana", "LA Klippers" və "Nyu Orlean Pelikans"da çıxış edib. NBA-də ümumilikdə 411 əsas mərhələ, 41 pley-off oyununda iştirak edib. 2025-ci ilin fevralında Avropaya qayıdaraq "Monako"ya qoşulub.
"Monako" ilə Fransa çempionluğu, Fransa Kuboku və Leaders Cup-ı qazanıb. Ötən mövsüm EuroLeague-də orta hesabla 9,7 xal (69,2% iki xallıq), 5 ribaund və 12,2 effektivlik balı ilə çıxış edib. Daxili çempionatın pley-off mərhələsində isə 13,3 xal və 7 ribaund (17,3 effektivlik balı) ilə yadda qalıb.
Daniel Tays Almaniya millisinin əsas üzvlərindən biridir. O, 2023-cü ildə Dünya Kubokunun, 2025-ci ildə Avropa çempionatının qalibi olub, 2022-ci ildə isə Avropa çempionatında bürünc medal qazanıb. Son Avropa çempionatında 9 oyunda orta hesabla 10,2 xal (69,1% iki xallıq, 44,4% üç xallıq), 6,4 ribaund və 1 blokşutla çıxış edib.


