"Yenə əsas məqsəd "Gəncə"nin iştirak etdiyi turnirlərdə uğurlu çıxış etməsidir".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Gəncə" basketbol klubunun direktoru Elnur Cəfərov mətbuat xidmətinə açıqlamasında deyib.
Klub rəsmisi komandanın transfer planları və hədəfləri barədə danışıb: "Komandamız Avropanın klub yarışlarında iştirak edəcək ilk region klubu kimi Azərbaycan basketbolunun tarixinə düşüb. Bu məqam bizi olduqca həyacanlandırır. Eyni zamanda məsuliyyətimizi artırır. Komandamız əvvəlki illərdən fərqli olaraq mövsüm öncəsi hazırlıqlara da bu səbəbdən daha tez başlayıb. Yeni baş məşqçimiz məlumdur, təcrübəlidir. Və onun da istəyi üzərinə heyəti formalaşdırmağa başlamışıq. Məqsədimiz həm xarici, həm də daxili arenada şəhərimizi, klubumuzu uğurla təmsil etməkdir. Biz beynəlxalq yarışlarda ölkəmiz adına çıxış edirik. Bu, olduqca qürurvericidir. Buna görə də işimizi peşəkar səviyyədə qurmuşuq. Məşqçilər tərəfindən təklif olunan basketbolçulara baxılır, seleksiya işləri aparılır".
Elnur Cəfərov bildirib ki, transfer məsələsində diqqətli olmaq lazımdır: "Deyim ki, artıq razılaşdığımız yerli və legioner oyunçular var. Klubumuzun sosial şəbəkələrdə olan rəsmi səhifələri tərəfindən mütamadi bu barədə paylaşımlar edilir, məlumatlar verilir.
İstər azarkeşlərimiz, istərsə də media nümayəndələri transfer bazarlığımızı maraqla izləyir, diqqət göstərir. Yaxın günlərdə daha bir neçə basketbolçunun keçidi haqqında məlumatlar veriləcək. Daha səviyyəli, güclü, rəqabətədavamlı komanda qurmaq istəyirik".


