"Sabah"ın qol imkanları olacaq, lakin rəqib də ciddi çətinlik yaradacaq". Bu sözləri Aslan Kərimov deyib.

Təcrübəli mütəxəssis "Sabah"ın "Orhus" səfəri haqda Offsideplus.az-a açıqlama verib:

"Mərhələ adladıqca rəqiblər çətinləşir. "Orhus" "Lex"ə 1:4 məğlub olsa da, səfərdə geridönüş etməyi bacarıb. Polyakları əzib keçdiyini demək olmaz. Üstün və zəif cəhətləri var. Üstün cəhətləri müdafiə olunarkən çoxalmağı bacarırlar. "Lex"lə oyunda mərkəz müdafiəçisi ilə müdafiə olunurdular. Rəqib meydançasında olanda cinah müdafiəçiləri hücumçu kimi çıxış edirdilər. Bu onların üstün cəhətləridir. Amma mükəmməl deyil. "Sabah"ın hücum xəttindəki futbolçular rəqib müdafiəçiləri yarmaq iqtidarındadırlar. Öhdələrindən gəlmək mümkündür. Amma qarşılarında Skandinaviya təmsilçisi var. Çempionatlarında "Kopenhagen"i geridə qoymağı bacarıblar. Oyunla bağlı proqnoz verə bilməyəcəyəm. Üstün olmayan komandanın qələbə qazanmadığını da görmüşük (gülür). Necə ki, "Zirə", "Neftçi". "Sabah"ın qol imkanları olacaq, lakin rəqib də ciddi çətinlik yaradacaq. Hər mövqedə perspektivli futbolçuları var. Kimin mərhələ keçəcəyini də demək çətindir, çox maraqlı oyun olacaq".