İyunun 27-də Bakıda keçiriləcək "UFC Fight Night: Fiziev vs Torres" turnirinə sayılı günlər qalır.

Offsideplus.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunacaq tədbirə bilet satışları ötən ilin eyni dövrü ilə müqayisədə daha sürətlə davam edir və satılan biletlərin yarısını xarici azarkeşlər təşkil edir. 

UFC Fight Night Bakı yarışına ən böyük maraq ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Qazaxıstan və İsraildən müşahidə olunur. Ümumilikdə isə biletlər dünyanın 67 ölkəsindən olan azarkeşlər tərəfindən əldə edilib.

Qeyd edək ki, Azərbaycan hazırda MDB məkanında, Mərkəzi Asiya və Cənubi Qafqazda UFC turnirlərinə ev sahibliyi edən yeganə ölkədir.

Xatırladaq ki, UFC FIGHT NIGHT: FIZIEV vs TORRES turniri 27 iyun tarixində Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə azərbaycanlı təmsilçi Rafael Fiziyev yüngül çəki dərəcəsində Manuel Torreslə üz-üzə gələcək. İkinci əsas döyüşdə isə orta çəki dərəcəsində Şarabutdin “Shara Bullet” Maqomedov Mişel Pereyra ilə qarşılaşacaq.

Turnir çərçivəsində daha iki azərbaycanlı döyüşçü - Nazim Sadıxov və Fərman Həsənov da oktaqona çıxacaq. Onların rəqibləri müvafiq olaraq braziliyalı Mateus Kamilo və ABŞ-li Erik Nolan olacaq.

Biletləri iticket.az vasitəsilə əldə edə bilərsiniz.