AEL-in baş məşqçisi Duşan Kerkez UEFA Konfrans Liqasının 3-cü mərhələsi çərçivəsində "Qarabağ"la keçirilən cavab matçından sonra media nümayəndələrinin suallarını cavablandırıb.

Offsideplus.az xəbər verir ki, bosniyalı mütəxəssis qarşılaşma haqqında bunları deyib:

"Qarabağ"ı növbəti mərhələyə çıxmaq münasibəti ilə təbrik edirəm. Bu gün güclü rəqibə qarşı oynadıq. Öz oyunçularıma apardıqları mübarizəyə görə təşəkkür edirəm. Üzgünəm, amma yaxşı oynadığımız üçün komandamdan razı qaldım. AEL büdcəsi daha çox olan klublarla oynamağa qadir olduğunu bu gün sübut etdi. Həmçinin, azarkeşlərin yaratdığı atmosferdən də razıyam. Koronavirus pandemiyasının tez bir zamanda bitməsini, bütün oyunlarda belə atmosfer olmasını arzulayıram.

- Həm dünən, həm bu gün mətbuat konfransında jurnalistləri rus dilində salamladınız. Bunun səbəbi nədir?

- Yuqoslaviyadan olduğuma görə, çalışıram ki, məni başa düşə biləcəyiniz dildə salamlayım.

- Dünən "Mərhələ keçməsəz bunu faciə kimi qəbul edəcəksinizmi?" sualına "Bu barədə sabah danışa biləcəm" demişdiniz. Bəs bu gün bu məğlubiyyəti necə qəbul edirsiniz?

- Mərhələ keçmədiyimiz üçün çox üzgünük. Biz bundan daha çoxunu istəyirdik. Bütün rəqiblərə hörmətlə yanaşırıq. İstənilən qarşılaşmaya qələbə üçün çıxırıq.

- Larnakadakı sərgilədiyiniz oyunu Bakıda da göstərməyə nə mane oldu?

- Öz istədiyimiz oyunu göstərə bilmədik. Meydaçanın vəziyyəti həm biz, həm "Qarabağ"a mane oldu. "Qarabağ" avrokuboklarda bizdən daha təcrübəlidir. Bu oyunu analiz etməyə vaxtımız var. Özümüzü inkişaf etdirib, növbəti dəfə avrokuboklarda iştirak etmək istəyirik.

- Bir həftə əvvəl Qurban Qurbanova qarşı edilən təxribat bu gün sizə qarşı baş versəydi, buna necə reaksiya verərdiniz?

- Qurban Qurbanovu təbrik edirəm. 13 ildir "Qarabağ"ı çalışdırır və çox yaxşı iş görür. Bu, az müddət deyil. Futbolda emosialar olur. Baş verənləri yaxşı qarşılamıram. Futbol ilə siyasət ayrı olmalıdır. Biz hər bir rəqibə, təmsil etdiyi ölkədən asılı olmayaraq hörmət edirik. Sona 5 dəqiqə qalmış qol buraxdıq. Bizdə də, azarkeşlərdə də emosialar oldu. Amma hər hansı mənfi halla qarşılaşmadıq.