"İlk matçda da göründü ki, "Qarabağ" iki il əvvəlki kimi güclü deyil. Başa düşürəm ki, AEL-lə oyunda komanda son dəqiqələrdə qol vurdu və buna sevinirdi, amma Azərbaycan təmsilçisinin bəzi futbolçuları qeyri-peşəkar davrandılar. Amma ümumi olaraq hər iki komanda soyuqqanlığı qorudu və insident böyümədi. Azarkeşlərin məşqçini təhqir etmələri düzgün deyil, lakin məşqçi də buna reaksiya verməməlidir".

Offsideplus.az Kipr mətbuatına istinadən xəbər verir ki, bu sözləri APOEL-in sabiq futbolçusu Georgios Merkis deyib. 37 yaşlı keçmiş müdafiəçi Kipr və Azərbaycan komandaları arasında gərginliyin davam edəcəyini də bildirib: "Bizim Türkiyə ilə münasibətimiz yaxşı deyil. Azərbaycan və Türkiyə isə çox yaxındırlar. Başa düşürsünüz ki, gərginlik davam edəcək.

O, hər iki komandanın şansları barədə də açıqlama verib: "Hər iki komandanın şansları bərabərdir. AEL ötən mövsümdəki sakit və təmkinli oyununu sərgiləməlidir ki, növbəti mərhələyə çıxa bilsin. "Qarabağ"la oyunda boş zona əldə etsələr, rəqibi məyus edə bilərlər. Manuel Torres kimi futbolçuları var və o, istənilən oyunun gedişatını dəyişə bilər. Əminəm ki, Duşan Kerkez nə edəcəyini yaşı bilir".

Qeyd edək ki, UEFA Konfrans Liqasının III mərhələsində "Qarabağ" və AEL komandaları arasında baş tutacaq cavab oyunu bu gün saat 20:00-da start götürəcək.