Albaniyanın paytaxtı Tiranada davam edən Avropa çempionatında bu gün Azərbaycanın 8 sərbəst güləşçisi mübarizə aparacaq.

Offsideplus.az xəbər verir ki, Nurəddin Novruzov (61 kq), Turan Bayramov (74 kq), Arseni Cioyev (86 kq), Ali Tsokayev (92 kq) və Giorgi Meşvildişvili (125 kq) turnirə start verəcəklər.

Günün əsas görüşündə İslam Bazarqanov (57 kq) qızıl medal uğrunda Musa Mehtixanovla (UWW) qarşılaşacaq. Digər təmsilçimiz Cəbrayıl Hacıyev (79 kq) isə bürünc medal üçün döşək üzərinə çıxacaq; o, Rasul Şapiyev (Şimali Makedoniya) – Tariel Qafrindaşvili (Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək. Rəşid Babazadə (65 kq) isə təsəlliverici görüşdə Ayub Musayevlə (Belçika) gücünü sınayacaq.

Qeyd edək ki, artıq yunan-Roma güləşi üzrə milli komandamız Avropada birinci olub. Onlardan Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medala sahib çıxıblar. Qadın güləşçilərimiz Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) da yarışı bürünc mükafatla başa vurublar.