"İlk oyunumuzla müqayisədə rəqibdən üstün idik".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Petrokub"a (Moldova) qarşı cavab oyunundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis komandaya dəstək olan hər kəsə təşəkkür edib:
"Bu oyun böyüməyimiz üçün yaxşı təcrübə oldu. Mövqe oyununda və rəqibə təzyiq baxımından xoşuma gəlməyən məqamlar vardı. Bəzi fürsətləri qaçırdıq. Bunların üzərində işləməliyik".
Baş məşqçinin sözlərinə görə, qarşılaşma bir sıra vacib məqamlarla yadda qalıb: "Bu, nərdivandır. 4 pilləkənin sadəcə bir addımını atmışıq. Bu oyun nələri düzəltməli olduğumuza dair bizə vacib informasiya verdi.
Əvvəllər də dediyim kimi mən hücum futbolu oynatmağı sevirəm. Hər hücumda bütün komandanın əməyi var. Eyni zamanda qol buraxmamağa da çalışırıq. Bu səbəbdən həmişə hücum futbolu haqqında danışırıq.
Mərhələ keçmişik, ancaq növbəti rəqiblər daha güclüdür. Sabahdan hazırlıqlara başlayacağıq".
Qeyd edək ki, “Sabah” - “Petrokub” oyunu ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.



