Fransa Liqa 1-də mövsümün ən parlaq oyunçularından biri olan Meyson Qrinvud bu yay transfer bazarının əsas simasına çevriləcək.
Offsideplus.az xəbər verir ki, son məlumatlara görə, paytaxt təmsilçisi "Paris Sen-Jermen" (PSJ) ingilis cinah hücumçusunu heyətinə qatmaq üçün rəsmi addımlar atmağa başlayıb.
Baş məşqçi Luis Enrikenin hücum xəttini gücləndirmək istəyi PSJ rəhbərliyini əzəli rəqibi "Marsel"in qapısını döyməyə sövq edib.
"Marsel" klubu Qrinvudu asanlıqla buraxmaq niyyətində deyil. Klubun müəyyənləşdirdiyi qiymət aralığı Avropa nəhənglərini çətinə salacaq növüdəndir:
Marsel təmsilçisi ulduz futbolçu üçün 82–99 milyon avro civarında təzminat tələb edir.
Qrinvudun 2024-cü ildəki transfer müqaviləsində yer alan maddəyə əsasən, satış qiymətinin 50%-ə qədəri (klub Çempionlar Liqasına vəsiqə qazansa 65%-ə qədər) "Mançester Yunayted"ə çatacaq. Bu səbəbdən "Marsel" öz mənfəətini qorumaq üçün qiyməti maksimum yuxarı saxlayır.
PSJ ilə yanaşı, "Yuventus" və "Atletiko Madrid" də 24 yaşlı futbolçunu yaxından izləyir.


