Dünya futbolunun ən tanınmış baş məşqçilərindən biri olan Luis Enrike qızı Xananın itkisi və həyata baxışı ilə bağlı hər kəsi duyğulandıran, eyni zamanda düşündürən açıqlamalar verib.
Offsideplus.az xəbər verir ki, mütəxəssis yaşadığı ağır itkiyə rəğmən özünü bədbəxt hesab etmədiyini və əksinə, həyatın ona bəxş etdiyi anlara görə minnətdar olduğunu bildirib.
Luis Enrike ətrafındakı insanların onun acısına yanaşma tərzi ilə bağlı bu səmimi fikirləri bölüşüb:
"Özümü şanslı, yoxsa şanssız saymalıyam? Mən özümü çox şanslı sayıram. Həm də çox. Bəziləri mənə deyəcək ki: 'Amma qızın 9 yaşında vəfat etdi'. Baxın, qızım 9 möhtəşəm il boyunca bizimlə yaşadı. Onunla bağlı minlərlə xatirəmiz var."
Enrike qızının fiziki yoxluğuna deyil, onunla keçirdiyi zamanın keyfiyyətinə fokuslanmağın vacibliyini vurğulayıb.
Futbol dünyası Luis Enrikeni sadəcə meydandakı taktikaları ilə deyil, həm də bu sarsılmaz iradəsi və həyata olan sonsuz sevgisi ilə bir örnək kimi qəbul edir. Onun bu sözləri, böyük itkilər qarşısında belə ayaqda qalmağın və gözəl xatirələrə tutunmağın mümkün olduğunu bir daha sübut etdi.


