UEFA Çempionlar Liqasının II turunda “Kopenhagen” üzərində 2:0 hesablı qələbədən sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında açıqlamalar verib.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis futbolçuları və azarkeşləri təbrik edərək deyib:
“Bu gün meydanda futbolçularım həm öz aralarında, həm də azarkeşlərlə birlikdə idilər. Çox ciddi mübarizə apardılar və layiqli qələbə qazandıq. Xüsusilə ikinci hissədə oyunun ağırlığını daşımaq məcburiyyətində qaldıq, amma futbolçular səbrlə dözdülər. Belə oyunlar bizi daha da gücləndirəcək”.

Qurbanov qrup mərhələsində iki oyundan sonra 6 xal toplamağın inamın nəticəsi olduğunu vurğulayıb:
“Hər zaman inamla işləmişəm. Bəzən nəticə gözlənilən olmur, amma mübarizəmizdən heç kim narazı qalmayıb. Ola bilsin ki, iki oyunda 6 xal qazanacağımıza çoxları inanmazdı, amma biz özümüzə həmişə güvənmişik”.

Komandanın uğurlarının ölkə futbolu üçün böyük əhəmiyyət daşıdığını bildirən baş məşqçi əlavə edib:
“Biz Azərbaycanın ‘Qarabağ’ıyıq və bu məsuliyyəti yaxşı bilirik. Çempionlar Liqasında ön sıralarda yer almaq qürurvericidir. Bu uğur bizi daha da məsuliyyətli edir”.

Qurban Qurbanov həmçinin Türkiyə mediası və futbol ictimaiyyətindən gələn dəstəyə də toxunub:
“Türkiyədən ‘Qarabağ’a göstərilən diqqət və dəstək bizim üçün böyük sevincdir. Qardaş ölkənin bu münasibəti bizə əlavə güc verir”.

Baş məşqçi komandanın əsas məqsədinin uzunmüddətli uğuru qorumaq olduğunu vurğulayıb:
“Bizim üçün əsas hədəf bu inamı və mübarizəni itirməməkdir. Uğur daima sabit olmur, amma doğru yoldan dönməsək, nəticələr gələcək”.

Qurbanov Elvin Cəfərquliyevin oyunun ən yaxşı futbolçusu seçilməsinə də münasibət bildirib:
“Elvinin seçilməsi həm komanda, həm də Azərbaycan futbolu üçün sevindirici haldır. Onun potensialı daha böyükdür və üzərində çalışaraq daha da irəli gedəcək”.

Sonda o, səhvlərə də toxunaraq qeyd edib ki, komanda daim oyun üzərində işləyir və hər bir futbolçu üzərinə düşəni ən yaxşı şəkildə yerinə yetirir.