Viktor Vembanyamanın möhtəşəm çıxışı sayəsində "San Antonio Spurs" növbəti qələbəsini qazanıb. Komanda bu dəfə "Nyu Orlean Pelikans" üzərində 114:91 hesabı ilə üstün olub.

Offsideplus.az xəbər verir ki, fransalı ulduz artıq ilk hissədə 32 xal toplayıb, oyunu isə 50 xalla tamamlayıb. Bu, noyabr ayında Vembanyamanın ikinci 50+ xallıq qarşılaşmasıdır. O, 4 noyabrda "Dallas Mavericks"ə qarşı 52 xal toplamışdı.

Vembanyama həmçinin 19 ribaund, 5 blokşut və 4 top oğurlama ilə yadda qalıb. Beləliklə, o, bir oyunda 50+ xal, 15+ ribaund, 5+ blokşut və 4+ top oğurlama statistikası göstərən ilk oyunçu olub.

Tarixi performansından sonra Vembanyama qısa açıqlama verib: "Bu, çox xüsusi bir hissdir. Mənim yaşıdlarımdan fərqli olaraq, statistik göstəriciləri süni şəkildə artırmaqda yaxşı deyiləm, ona görə də bu nəticəyə daha tez-tez çatmamışam".

Bu qələbə ilə "San Antonio Spurs" Qərb Konfransında "Los Anceles Leykers"lə birlikdə birinci pilləni bölüşür. Komandanın mövsümdə 14 qələbəsi və 3 məğlubiyyəti var.

Vembanyama cari mövsümdə orta hesabla 29,9 xal, 12,0 ribaund və 3,2 assist göstərir və MVP mükafatına əsas namizədlərdən sayılır.