Tarık Biberoviç səkkiz mövsüm "Fənərbaxça"da çıxış etdikdən sonra karyerasını NBA-də davam etdirmək qərarına gəlib və yeni komandası "Dallas Maveriks"lə ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
Offsideplus.az xəbər verir ki, Biberoviç yeni formasını görüb, komandanın paltardəyişmə otağı ilə tanış olub və 13 nömrəli formanı necə seçdiyini açıqlayıb. "Əslində ən sevdiyim nömrə 33-dür. Amma ilk müqaviləmi imzalayanda, 15 yaşımda 13 nömrəsini götürdüm. Maraqlı bir hadisədir. 'Fənərbaxça'da avadanlıq üzrə məsul şəxs dedi ki, 13 sənə uğur gətirəcək və yaxşı yaraşacaq", – deyə Biberoviç bildirib.
25 yaşlı basketbolçu NBA-də ilk mövsümünə hazırlaşır və "Dallas Maveriks" azarkeşlərinə müraciətində həyəcanını gizlətməyib: "Salam, 'Maveriks' ailəsi, mən Tarıkam. Burada olduğum üçün çox sevincliyəm və həyəcanlıyam. Görəcəyimiz çox iş var, başlamaq üçün səbirsizlənirəm. İrəli, 'Mavs'!"
2018-ci ildən "Fənərbaxça"nın heyətində çıxış edən Biberoviç yeni mövsümdə "Dallas Maveriks"in formasında NBA-də debüt edəcək.


