Türkiyə futbolunda sarsıdıcı mərc qalmaqalı böyüyür.
Offsideplus.az xəbər verir ki, hakimlərin mərc oynadığı iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində "Eyüpspor" prezidenti Murat Özkaya və 6 hakim daxil olmaqla 8 nəfər həbs olunub.
Hadisə TFF prezidenti İbrahim Hacıosmanoğlunun “bəzi hakimlərin mərc fəaliyyəti ilə məşğul olduğu” açıqlamasından sonra İstanbul Baş Prokurorluğu tərəfindən başlanan istintaq nəticəsində ortaya çıxıb.
7 noyabrda 21 nəfər haqqında həbs qərarı verilib. İstanbul Polis İdarəsinin Kiber Cinayətlər şöbəsinin əməliyyatı zamanı 19 nəfər saxlanılıb. Onların arasında 17 hakim, bir jurnalist və "Eyüpspor" prezidenti Murat Özkaya da olub.
İlkin istintaqdan sonra şübhəlilər “mərc oynamaq” və “oyun nəticəsini manipulyasiya etmək” ittihamları ilə məhkəməyə çıxarılıb.
Növbətçi Sülh Cəza Hakimliyi Murat Özkaya, hakimlər Erkan Arslan, Nevzat Okat və Yakup Yapıcı da daxil olmaqla 8 nəfərin həbsinə, digər 11 nəfər barədə isə məhkəmə nəzarəti tədbirinin tətbiqinə qərar verib.
Keçmiş "Kasımpaşa" prezidenti Fatih Saraç isə polis idarəsindəki ifadəsindən sonra sərbəst buraxılıb.
Bu qalmaqal Türkiyə futbolunda son illərin ən böyük korrupsiya və mərc araşdırmalarından biri kimi qiymətləndirilir.



