Türkiyə Superliqasının 31-ci həftəsində möhtəşəm derbi həyecanı yaşanıb.
Offsideplus.az xəbər verir ki, "Qalatasaray" öz meydanında əzəli rəqibi "Fənərbağça"nı qəbul edərək, 3-0 hesablı inamlı qələbə qazanıb və liderliyini möhkəmləndirib.
"RAMS Park"da baş tutan qarşılaşma gərgin anlarla yadda qalıb:
Matçın 13-cü dəqiqəsində "Fənərbağça" hesabı açmaq şansı qazansa da, Anderson Taliska penaltı zərbəsini dəqiq yerinə yetirə bilməyib.
Meydan sahibləri 40-cı dəqiqədə Viktor Osimhenin vurduğu qolla 1-0 önə keçiblər.
Oyunun 62-ci dəqiqəsində "sarı-lacivərdlilər"in qapıçısı Ederson qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
67-ci dəqiqədə Barış Alper Yılmaz penaltini qola çevirərək fərqi ikiyə çıxarıb.
83-cü dəqiqədə Lukas Torreira matçın yekun hesabını müəyyənləşdirib: 3-0.
Bu qələbədən sonra "Qalatasaray" xallarının sayını 74-ə çatdıraraq vahid liderliyini davam etdirib. "Fənərbağça" isə 67 xalda qalaraq rəqibindən 7 xal geri düşüb.
Gələn həftə lider "Qalatasaray" səfərdə "Samsunspor"un qonağı olacaq. "Fənərbağça" isə öz evində "Başakşehir" komandasını sınağa çəkəcək.


