Rusiya prezidenti Vladimir Putin “Sabah”ın sabiq baş məşqçisi, "Krasnodar"a ilk liqa çempionluğunu yaşadan Murad Musayevə zəng edib.
Offsideplus.az xəbər verir ki, "Krasnodar" klubunun baş məşqçisi Murad Musayev Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından danışıb. Məşqçi bu zəngin onun üçün xüsusi və qürurverici olduğunu bildirib:
"Bizim klubumuzu qələbə münasibətilə təbrik etməsi çox xoş oldu. Çox səmimi sözlər dedi. Bu mənim üçün çox xüsusi bir an idi. Bir az həyəcanlı, amma çox xoş hiss idi. Onun zəngi ilə qürur duydum".
Xatırladaq ki, "buğalar" Rusiya Premyer Liqasının 30 turu nəticəsində 67 xal toplayaraq çempion olub. Musayevin yetirmələri "Zenit"i cəmi bir xal qabaqlayaraq birinci yeri tutublar. Turnir cədvəlində üçüncü pillədə isə 59 xalla Moskva "CSKA"sı qərarlaşıb.



