Futbolun ən böyük agentlikləri Premyer Liqanı məhkəməyə verməyə hazırdır.

Offsideplus.az xəbər verir ki, ən güclü üç agentlik — "CAA Stellar", "CAA Base" və "Wasserman" — İngiltərə Premyer Liqasına xəbərdarlıq edib:

Əgər qalmaqallı maaş həddi (salary cap) tətbiq olunarsa, məsələni məhkəməyə daşıyacaqlar. Cümə günü kritik səsvermə olacaq.

Premyer Liqa klubları sabahdan etibarən növbəti mövsüm üçün tətbiq olunması planlaşdırılan “anchoring” sisteminə səs verəcəklər.

Bu sistemə görə bir klubun xərcləyə biləcəyi maksimum məbləğ liqa cədvəlinin sonunda yer alan komandanın mükafat və yayım gəlirinin 5 qatı ilə məhdudlaşdırılacaq. Bu isə 550 milyon funt sterlinq limit deməkdir.

2023/24 mövsümündən olan hesablamalara əsasən bu limit təxminən £550 milyon olacaq.

“Anchoring” — Premyer Liqanın planlaşdırdığı xərcləmə limiti sistemidir. Bu modelə görə, hər bir klubun xərcləyə biləcəyi maksimum məbləğ aşağıdakı şəkildə müəyyən olunur:

Liqada sonuncu yeri tutan klubun qazandığı (mükafat + yayım) gəlirinin 5 qatı = bütün klublar üçün xərcləmə limiti.

Sadə izahla: Əgər sonuncu klub, məsələn: 110 milyon funt sterlinq qazanırsa → bütün klublar ən çox 110 × 5 = 550 milyon funt sterlinq xərcləyə bilər.

Bu sistemin məqsədi:
- Super zəngin klublarla orta və kiçik klublar arasındakı uçurumu azaltmaq,
- Liqada balans yaratmaq,
- Xərcləmələri daha nəzarətli saxlamaqdır.

Amma böyük klublar və futbol agentlikləri hesab edir ki:
- bu qayda ədalətsizdir,
- bazara müdaxilədir,
- rəqabəti əslində zəiflədir.

"Mançester Yunayted" və "Mançester Siti" bu təklifin əleyhinə çıxıb. Agentliklər isə bu qaydanın azad bazara müdaxilə olduğunu və hüquqi olaraq davam etdirilə bilməyəcəyini bildirir.