"Mançester Yunayted" yay transfer pəncərəsində ilin ən səs-küylü keçidinə imza atmağa hazırlaşır.

Offsideplus.az xəbər verir ki, "Qırmızı şeytanlar"ın rəhbərliyi və skaut korpusu "Real Madrid"in fransalı yarımmüdafiəçisi Aureliyen Tçuamenini özlərinin "arzuların transferi" statusuna gətiriblər.

"Mançester Yunayted" rəhbərliyi inanır ki, 26 yaşlı fransalı ulduz heyətə qatılacağı təqdirdə, vaxtilə Kazemironun "Old Trafford"da yaratdığı böyük və müsbət effekti yenidən təkrarlaya bilər. Klub onu yarımmüdafiə xəttinin yeni lideri kimi görür.

"Real Madrid"in əsas heyət oyunçularından olan Tçuamenini rənglərinə bağlamaq ingilislər üçün asan olmayacaq. İspaniya klubunun bu transfer üçün 100 milyon avrodan çox təzminat tələb edəcəyi bildirilir.

"Real Madrid"in prezidentliyinə namizəd olan Enrike Rikelmenin kluba yeni superulduzlar gətirmək vədindən sonra, mövcud rəhbərliyin büdcə yaratmaq məqsədilə Tçuameni kimi dəyərli bir aktivin satışına yaşıl işıq yandıra biləcəyi də iddialar arasındadır.