Fransanın Nant şəhər ticarət məhkəməsi "Kardiff Siti" klubunun argentinalı hücumçu Emiliano Salanın ölümü ilə bağlı "Nant" klubuna qarşı qaldırdığı 100 milyon funt-sterlinqdən (təxminən 122 milyon avro) çox təzminat iddiasını rəsmən rədd edib.
Offsideplus.az xəbər verir ki, Uels təmsilçisi iddia edirdi ki, 2019-cu ildə baş verən təyyarə qəzası nəticəsində Salanın vəfatı komandanın Premyer Liqadan düşməsinə birbaşa təsir göstərib. "Kardiff Siti" rəhbərliyi hücumçunun qolları sayəsində liqada qala biləcəklərini və bununla da böyük gəlir itkisindən xilas olacaqlarını əsas gətirərək bu astronomik məbləği tələb edirdi.
Fransız hakim "Nant" klubunun qəzada hər hansı bir səhlənkarlıq və ya məsuliyyət daşımadığına qərar verib. Qərara əsasən:
"Kardiff Siti"nin bütün təzminat tələbləri ləğv edilib.
Əksinə, Uels klubu "Nant"ın mənəvi nüfuzuna xələl gətirdiyi üçün fransızlara 300,000 avro mənəvi təzminat və əlavə olaraq məhkəmə xərcləri daxil olmaqla ümumilikdə 480,000 avro ödəməyə məhkum edilib.
"Kardiff Siti" rəhbərliyi qərardan böyük məyusluq duyduğunu və "şəffaflıq prinsiplərinin qalib gəlmədiyini" bildirib. Hazırda İngiltərənin üçüncü divizionunda mübarizə aparan klubun bu qərardan apellyasiya şikayəti verib-verməyəcəyi hələlik dəqiq deyil. "Nant" tərəfi isə qərarı "ədalətin zəfəri" kimi qiymətləndirib.
Xatırladaq ki, Emiliano Sala 2019-cu ilin yanvarında "Nant"dan "Kardiff Siti"yə transfer olunduqdan sonra yeni komandasına qoşulmaq üçün uçarkən təyyarə qəzasında həlak olmuşdu.


