"Mançester Siti"nin portuqaliyalı yarımmüdafiəçisi Bernardo Silva klub rəhbərliyinə rəsmi müraciət edərək, mövsümün sonunda komandanı tərk edəcəyini bildirib.
Offsideplus.az xəbər verir ki, 2017-ci ildən bəri "şəhərlilər"in uğurlarında pay sahibi olan 31 yaşlı futbolçunun bu qərarı transfer bazarını hərəkətə gətirib.
Təcrübəli oyunçu üçün hazırda üç əsas klubun adı hallanır:
- "Barselona" (İspaniya): Silvanın ən böyük arzusu Kataloniya klubunda çıxış etməkdir. İspaniya nəhəngi uzun müddətdir onu transfer etmək istəsə də, maliyyə qaydaları bu keçidə mane olurdu.
- "Yuventus" (İtaliya): İtaliya klubu portuqaliyalıya illik 7-8 milyon avro maaşla 3 illik müqavilə təklif etməyə hazırdır. A Seriyası Silvanın karyerasının son mərhələsi üçün cəlbedici seçim hesab olunur.
- "Qalatasaray" (Türkiyə): İstanbul təmsilçisi son illərdəki iddialı transfer siyasətini Silva ilə davam etdirmək niyyətindədir.
Bernardo Silva "Mançester Siti" forması ilə keçirdiyi 9 il ərzində 6 Premyer Liqa çempionluğu və 1 Çempionlar Liqası kuboku daxil olmaqla, ümumilikdə 16 titul qazanıb. Baş məşqçi Pep Qvardiolanın meydandakı "sağ əli" hesab olunan futbolçunun gedişi İngiltərə klubu üçün ciddi itki hesab olunur.
"Mançester Siti" rəhbərliyi artıq Silvanın boşluğunu doldurmaq üçün alternativlər axtarır. Namizədlər arasında Sandro Tonali və gənc istedad Elliot Andersonun adları çəkilir.


