"Çikaqo Bullz" rəhbərliyi cəmi bir ay əvvəl heyətinə qatdığı Ceyden Ayvi ilə yollarını rəsmən ayırıb.

Offsideplus.az xəbər verir ki, klub gənc oyunçunun "komandaya zərər verən davranışlar" nümayiş etdirdiyini açıqlayıb. Onun gedişinə səbəb performansı deyil, sosial mediadakı radikal çıxışları olub.

Ayvinin qovulmasına səbəb olan hadisələr:

1. Oyunçu sosial şəbəkələrdə LGBT əleyhinə kəskin ifadələr işlədib və bunu uzun canlı yayımlarla "kampaniya" halına gətirib. O, NBA-nın bərabərlik siyasətini tənqid edərək liqa rəhbərliyi ilə qarşı-qarşıya gəlib.

2. Ayvi təkcə cinsi azlıqları deyil, digər inanc sahiblərini də hədəf alıb. O, katolikliyi "saxta din" adlandırıb. Maraqlıdır ki, onun anası Niele Ayvi ABŞ-ın ən köklü katolik təhsil müəssisələrindən olan Notr-Dam Universitetinin qadın basketbol komandasının baş məşqçisidir.

3. Müqaviləsi ləğv edildikdən sonra təyyarədə canlı yayım açan basketbolçu Lebron Ceyms və Maykl Cordan kimi əfsanələri hədəf alaraq, "çempionluq üzüklərinin qiyamət günü heç bir işə yaramayacağını" deyib. O, həmçinin telefonu söndürməyi tələb edən təyyarə bələdçisi ilə də mübahisə edib.

4. Ayvi bütün bu baş verənlərdə özünü günahkar görməyib, digər klubların onu "çox dindar" olduğu üçün pnu heyətinə cəlb etməkdən qorxduğunu iddia edib.

"Çikaqo Bullz"un baş məşqçisi Billi Donovan bildirib ki, klubda hər kəsə hörmət standartı var və Ayvinin fikirləri klubun vizyonu ilə ziddir.

Qeyd edək ki, 2026-cı ilin fevralında "Detroyt Pistons"dan treyd ilə transfer edilən 24 yaşlı basketbolçu zədə səbəbindən yeni komandasında cəmi 4 oyuna çıxa bilmişdi.