Azərbaycan futbolunun əfsanəvi hücumçularından Vəli Qasımov vaxtilə Portuqaliyanın "Setubal" klubunda birgə çıxış etdiyi, hazırda isə "Sumqayıt"ın baş məşqçisi olan Filipe Kandido haqqında fikirlərini bölüşüb.
Keçmiş hücumçu Offsideplus.az-a açıqlamasında portuqaliyalı mütəxəssisin işini yüksək qiymətləndirib:
"Biz "Setubal"da oynayanda o, gənc və perspektivli futbolçu idi. İstedadlı oyunçulara həmişə kömək edirəm. Yaxşı futbolçu idi, həmişə nə isə soruşurdu, utanmırdı. Belə gənclər az olurdu, qal deyəndə qalırdı. Filipe haqqında ancaq xoş sözlər deyə bilərəm. Məşqçi kimi işini görməmişəm, amma "Sumqayıt"a qədər gəlib çıxıbsa, deməli, yaxşı iş görür. Eşitmişəm ki, çalışqan adamdır. "Sumqayıt"ın da oyunu göz qabağındadır, gözəl oynayırlar. Məşqçi işi görünür. Komandaya uğurlar arzu edirəm. Gözəl oyun olduqca, nəticələr də olacaq".
Qeyd edək ki, V. Qasımov və Filipe Kandido 1997/98 mövsümündə "Setubal"da komanda yoldaşı olublar.


