Azərbaycanın U-21 millisinin və "Sampdoriya" klubunun futbolçusu Lorenzo Mezzotero Offsideplus.az-a müsahibə verib.
18 yaşlı hücumçu Azərbaycan - Cəbəllütariq matçından sonra milli komandaya çağırılmasından, “Sampdoriya”dakı çıxışından, Azərbaycana bağlılığından və gələcək hədəflərindən danışıb. Müsahibəni təqdim edirik:
— Azərbaycan millisinin U-21 komandasına çağırılmağın barədə nə deyə bilərsən?
— Mənim üçün Azərbaycan millisində oynamaq böyük şərəfdir. Həmişə demişəm ki, Azərbaycan millisində oynamaq mənim arzumdur. İndi isə kiçik addımlarla irəliləyirəm və U-21 millisinə çağırılmağım həmin addımlardan biridir. Əlbəttə, bu, böyük addımdır, amma əsas milli ilə müqayisədə hələ kiçik addımdır. Çox xoşbəxtəm, çox çalışıram və ümid edirəm ki, bir gün əsas milli komandada debüt edəcəyim gün gələcək. Həm özümü, həm də hər kəsi xoşbəxt etmək istəyirəm.
— Bu çağırışda start heyətdə meydana çıxmadın. Öz performansını necə qiymətləndirirsən?
— Ümumilikdə düşünürəm ki, daha çoxunu edə bilərəm. Öz imkanlarımı və nələrə qadir olduğumu bilirəm. Düşünürəm ki, bu gün də yaxşı oynadım, istəkli və güclü çıxış etdim. Amma daha çoxunu edə biləcəyimi düşünürəm. Daha çox etmək, xüsusilə də daha çox qol vurmaq istəyirəm. Çünki mən hücumçuyam, “9 nömrə” mövqeyində oynayıram və əsas məqsədim qol vurmaqdır. Ən vacib olan komandaya və özümə kömək etməkdir.
— “Sampdoriya”dakı vəziyyətin necədir?
— “Sampdoriya”nın əsas komandasında debüt etdim və buna görə çox xoşbəxtəm. İndi də çox çalışıram və arzularımın arxasınca gedirəm. Akademiyada da qollar vururam, çox oynayıram və bundan məmnunam. Həmçinin komandada kapitanam. Buna görə də çalışmağa və arzularımın arxasınca getməyə davam edirəm.
— “Neftçi” sevgini də hamı bilir...
— “Neftçi” həmişə ürəyimdə olacaq. Ümid edirəm ki, karyeramı başa vurmazdan əvvəl bir gün yenidən “Neftçi”də oynaya bilərəm. Gələcəkdə nə olacağını görəcəyik. Amma bu klub həmişə ürəyimdə olacaq. Çünki “Neftçi” mənim ilk sevgim idi.
— Deməli, karyeran ərzində yalnız Avropada oynamaq istəyirsən?
— Bəli, əlbəttə. Məqsədim dünyanın ən böyük komandalarında oynamaqdır. Ümid edirəm ki, bir gün “Mançester Yunayted”də oynayacağam. Bu, mənim arzumdur. Görək gələcəkdə nə baş verəcək.
— Azərbaycana qayıdışın sənin üçün nə ilə yadda qaldı?
— Azərbaycanda altı il yaşamışam və bura mənim üçün ev kimidir. Hər dəfə qayıdanda çox isti qarşılanmışam. Ona görə də bura mənim üçün doğma yerdir. Altı yaşdan on iki yaşa qədər bütün uşaqlığımı burada keçirmişəm. Hər dəfə Azərbaycana gələndə özümü evimə qayıtmış kimi hiss edirəm. İndi də burada gənc və təcrübəli futbolçulardan ibarət qrupla tanış olmuşam və onlar mənə çox kömək edirlər. Buna görə daha xoşbəxt ola bilməzdim.
— Bir müddət əvvəl bir neçə Azərbaycan sözünü bildiyini, amma unutduğunu demişdin. Azərbaycandasan, hansısa sözləri xatırlayırsan?
— Əlbəttə. “Salam, necəsiniz? Mən yaxşıyam, çox sağ olun”.


