“Lions de Genève” klubunun baş məşqçisi Patrik Pembele “Landau Lions” üzərində qazandıqları qələbəni şərh edib.

Offsideplus.az xəbər verir ki, isveçrəli mütəxəssis qarşılaşmadan sonra komandasının oyun planından danışıb.

“Komandaya təşəkkür etmək istəyirəm. Mən millidə köməkçi məşqçi olmuşam. 2015-ci ildən bu yana Azərbaycanda basketbolun inkişafını qeyd etmək istərdim. Rəqibi və ötən mövsümkü çıxışını analiz etdik. Freyzer üzərində kökləndik ki, onun oyununu sıxaq və qələbə qazana bilək. Bəxtimiz də gətirdi. İki əsas oyunçumuz zədəli idi. Beş müdafiəçi ilə oynadıq. Onlar da daha çox atış etdilər”, – deyə baş məşqçi bildirib.

İsveçrəli mütəxəssis Freyzerə qarşı əsas məqsədlərinin onun top qəbul etməsinə və rahat oynamasına imkan verməmək olduğunu bildirib.

“Bəli, ilk növbədə əsas planımız bu idi. İkinci planımız isə Freyzerə ikiqat müdafiə tətbiq etmək, onu daha çox ötürmə etməyə məcbur etmək idi. O, yüksək səviyyəli oyunçudur və onun yaxşı oyun keçirməsinə risk edə bilməzdik. Bundan əlavə, onu müdafiəyə cəlb etməyə, bir qədər yorulmasına çalışdıq. Məqsədimiz bu idi”.