Portuqaliyalı futbolçu Kriştiano Ronaldo Argentina milli komandasını tərk edən Lionel Messinin vida paylaşımına emosional şərh yazdı.
Offsideplus.az xəbər verir ki, 39 yaşlı Lionel Messi Beninlə keçirilən yoldaşlıq matçı ilə milli komandadakı karyerasına nöqtə qoydu.
Oyundan sonra argentinalı ulduz sosial media hesabından vida mesajı yayımlayıb və doğru qərar verdiyini bildiyini ifadə edib:
"Doğru qərar verdiyimi bilirəm. Dünən son oyunum idi və göy-mavi formanı geyinməyi indidən özləyirəm. Doğru qərar verdiyimi bilirəm. Sevinc və bir qədər də kədərlə dolu inanılmaz bir səyahət idi, lakin atdığım hər addımın buna dəydiyindən əminəm.
Demək istədiyim daha çox şey qaldı. Hiss etdiyim hər şeyi bir neçə kəlməyə və ya tək bir paylaşıma sığdırmağım qeyri-mümkündür. Həmişə yanımda olan və xüsusilə ən çox ehtiyacım olan çətin anlarda mənə dəstək çıxan ailəm olmadan bu səyahət qeyri-mümkün olardı.
Dostlarım, sahib olduğum bütün komanda yoldaşlarım və məşqçilərim ilə onların texniki heyətləri də mənim üçün əvəzedilməz idi. Ölkəmizi layiq olduğu yerə daşıyan və həmişə dediyim kimi, həm burada bizimlə olaraq, həm də cənnətdən atdığımız hər addımda bizə kömək etdiyini bildiyim Dieqonu da unutmaq istəmirəm.
Oynadığım bütün klublara, duyğularıma həmişə hörmət etdikləri və milli komanda formasını geyinmək vaxtı gələndə özümü ölkəmə həsr etməyimə icazə verdikləri üçün təşəkkür edirəm. Və əlbəttə ki, Tanrıya şükürlər olsun: Onun rəhbərliyi və iradəsi olmadan bura qədər gəlməyi xəyal belə edə bilməzdik.
Minnətdaram. Hamınızı çox sevirəm, sizin üçün darıxacağam və həmişə bizim yanımızda, mənim yanımda olduğunuz üçün sizə hər zaman təşəkkür edəcəyəm"
Kriştiano Ronaldo isə Messinin bu paylaşımına bu sözlərlə şərh yazdı:
"Leo, bu qədər illər ölkəni qorudun və əbədi olaraq yaşayacaq bir tarix yazdın. Argentina ilə nail olduqlarına görə sənə sonsuz hörmət edirəm. Qucaq dolusu sevgilər."


