Misli Premyer Liqasında 6-cı tur başa çatıb, ilk pauza - milli komandaların oyununa görə fasilə yarandı. Bu 6 tura nəzər salaq: nələr oldu, nələr…
İlk “beşlik” tam olaraq gözlədiyimiz kimidir: sıralama olaraq olmasa belə, “Zirə”, “Turan Tovuz”, “Sabah”, “Qarabağ” və “Neftçi”nin yüksək pillələrdə olması təəccübləndirmədi.
“Ağ-qaralar” “Sabah” və “Qarabağ”dan 1 oyun keçirib, potensial 3-cü, hazırki vəziyyətdə isə 1-ci pillədə qərarlaşıblar.
“Sabah” nəinki xal itirmək, ilk qolunu son matçda buraxdı. “Bayquşlar” Çempionlar Liqasında da mübarizə aparsa da, çempionatda inamla irəliləyir.
“Qarabağ” bir görüşdə - “Zirə” ilə oyunda xal itirib. Qaliblər mühakimə olunmamalıdır, komanda hər oyunda vacib 3 xalı qazanır.
“Turan Tovuz” son turda “Zirə”yə qalib gələrək 4-cü pilləyə yüksəldi. Lakin klub daxilində gərginlik hiss olunur.
“Zirə” 5-ci pillədə qərarlaşsa da, durumları olduqca yaxşıdır. Çünki özündən yuxarıda olan bütün komandalarla qarşılaşıblar. “Qartallar” “ikinci altılıq” komandaları ilə görüşdə minimum xallar itirir, ona görə qəsəbə təmsilçisindı hər şeyin sabir olduğunu demək olar.
“Şamaxı” və “Kəpəz” boyundan yuxarı tullanıb. Şirvan təmsilçisi 6 oyunda cəmi 1 məğlubiyyət görüb - 2 qələbə, 3 heç-heçə. Azər Bağırov gözlənilənin də artığını verir.
“Kəpəz” bir oyun daha az keçirib, lakin azarkeşləri önündə 4 oyuna 7 xal qazanıb. Stadionu ilə göz oxşayan Gəncə təmsilçisi ilk turda yaxşı mənada ən çox danışılan komanda oldu.
“Sumqayıt” gözləntilərdən aşağı çıxış etsə də, bunun əsas səbəbi kimi təqvim ağırlığını göstərmək olar. Mövsümün gedişatında komandanın durumunun düzələcəyinə şübhə yoxdur.
“Araz-Naxçıvan”ın sonuncu olması isə bəlkə də ən gözlənilən reallıqdır…
Qeyd edək ki, 6 tur ərzində artıq 2 komandada baş məşqçi ayrılığı yaşanıb: “Qəbələ”, “Araz-Naxçıvan”.


