İspaniya millisinin və "Barselona"nın gənc cinah oyunçusu Lamin Yamal xarakteri ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, Yamal bəzi insanların onu təkəbbürlü və ya provokator adlandırmasına aydınlıq gətirib:

"Düşünürəm, belə deyənlərlə ünsiyyət qurmaq əyləncəlidir. Axı futbol zövq üçün yaradılmış bir oyundur. Mətbuat konfranslarında səmimi danışan, ürəyini açan və məni güldürə bilən insanları dinləməyi sevirəm. Bu, təkəbbür deyil, sadəcə həmişə fikrimi açıq şəkildə ifadə etməyə və təbii olmağa çalışıram. Ona görə də mənə bu cür yanaşanlar səhv edirlər. Mən sadəcə mümkün qədər təbii davranmağa çalışıram. İnsanlar səmimi cavablara öyrəşməyiblər. Ola bilsin, bəziləri yalnız müsbət sözlər eşitmək istəyir, amma mən həmişə həqiqəti deməyə üstünlük verirəm".

Yamal haqqında yayılan şayiələrə və tənqidlərə də münasibət bildirib:

"Gənc yaşlarımda bunu başa düşmürdüm. Çünki haqqımda yayılan qalmaqalların və şayiələrin əksəriyyəti yalandır. Həmişə belə olub. Düşünürdüm ki, mən bunu etməmişəm, bəs niyə belə danışırlar? Sonra anladım ki, heç nə etməyəndə, haqqımda xəbər satmağın yeganə yolu nəsə uydurmaqdır. İndi isə buna belə yanaşıram: 'Demək, belə bir şey etmişəm, amma yaxşı, problem deyil' (gülür). Mənim üçün əsas odur ki, anam rahat olsun, bilsin ki, deyilənlər həqiqət deyil. Əgər belədirsə, başqa heç nə məni narahat etmir" – deyə Yamal vurğulayıb.