"Sampdoriya" (U-19) klubundan U-21 millimizə dəvət alan italyan əsilli Lorenzo Mezzotero Offsideplus.az saytına müsahibə verib.

2014-cü ildən 2020-ci ilə qədər ailəsi ilə birlikdə Azərbaycanda yaşayan futbolçu 2016-2020-ci illərdə "Neftçi" Futbol Akademiyasında çıxış edib. 17 yaşlı hücumçu cari mövsüm 31 oyunda 13 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Lorenzo ilə müsahibəni təqdim edirik:

– Lorenzo, Azərbaycan U-21 millisinə dəvət almaq sənin üçün nə ifadə edir?

– Azərbaycan U-21 millisinə ilk dəfə çağırılmaq mənim üçün çox böyük məna daşıyır. Mən Azərbaycanda böyümüşəm, buna görə də bu ölkəni təmsil etmək mənim üçün həm böyük şərəf, həm də qürurdur. Dəvət aldığım üçün çox həyəcanlı və xoşbəxtəm, başlamaq üçün səbirsizlənirəm.

– Azərbaycan U-21 millisinə çağırılma prosesin necə baş verdi?

– Bu, uzun bir proses idi, lakin sonda federasiya bunu reallaşdırdı. Buna görə onlara çox təşəkkür edirəm və bütün dəstəklərini yüksək qiymətləndirirəm.

– Gələcəkdə Azərbaycan millisinin A komandasında oynadığını görürsən?

– Bəli, əlbəttə, bir gün Azərbaycan millisinin əsas komandasında çıxış etmək istəyirəm. Hazırda bu günə və bu toplanışda yaxşı çıxış etməyə fokuslanmışam. Amma bütün arzularıma çatmaq üçün çox çalışmağa davam edəcəyəm, gələcəkdə nə olacağını isə zaman göstərəcək.

– Azərbaycan millisinə dəvəti qəbul etmək sənin üçün asan qərar oldu?

– Mənim üçün bu milliyə dəvəti qəbul etmək çox asan qərar idi. Mən həmişə Azərbaycanı təmsil etmək istəmişəm və düşünürəm ki, indi dəvət almaq üçün ən uyğun vaxt idi.

– Atan uzun müddət Azərbaycanda işləyib. Ailən və dostların Azərbaycana bağlılığın barədə nə düşünür?

– Ailəm Azərbaycanı çox sevir. Valideynlərim, qardaşım və mənim Bakıda çoxlu dostlarımız var. Yayda dostlarımı görmək üçün Azərbaycana tətilə də gəlirəm. Bu ölkə ailəmin qəlbində həmişə xüsusi yer tutacaq. Biz Azərbaycanı sevirik.

– 4 il “Neftçi” Futbol Akademiyasında çıxış etmisən. Həmin dövrlə bağlı xatirələrin necədir?

– “Neftçi”də oynadığım dövrlə bağlı xatirələrim möhtəşəmdir. Orada çox gözəl illər keçirmişəm, çempionluqlar qazanmışam və çoxlu qollar vurmuşam. “Neftçi”dəki insanlarla və azarkeşlərlə çox yaxşı münasibətim var. Onlar qəlbimin bir parçasıdır və həmişə belə olacaq.

– Hazırda da Azərbaycan futbolunu izləyirsən?

– Bəli, Azərbaycan futbolunu hələ də izləyirəm. Bəzən nəticələrə baxmaq üçün futbol tətbiqlərinə girirəm, xüsusilə də “Neftçi”nin nəticələrinə. Çünki mənim boya-başa çatdığım klub məhz "Neftçi"dir.

– Bu mövsüm qol və assist baxımından göstəricilərin diqqət çəkir. Öz performansını necə dəyərləndirirsən?

– Düşünürəm ki, bu mövsüm yaxşı çıxış etdim. Qollar vurdum, assistlər etdim və çox yaxşı oynadım. Daha da inkişaf etmək üçün çox çalışmağa davam edəcəyəm.

– Səni daha yaxından tanımaq istəyirik. Oyun üslubunu necə təsvir edərdin? Özünü ən rahat hansı mövqedə hiss edirsən?

– Mən “9 nömrə”yəm, futbola başladığım gündən bu mənim mövqeyimdir. Qol vurmağı çox sevirəm, amma komanda üçün oynamağı, assist etməyi və qələbə qazanmağı da sevirəm.

– Uşaqlıqda hansı futbolçular sənə ilham verib?

– Ən sevdiyim futbolçu həmişə braziliyalı Ronaldo Nazario (Fenomeno) olub. Digər çox sevdiyim və böyük hörmət bəslədiyim futbolçu isə Paulo Dibaladır.

– Futboldakı ən böyük arzun nədir?

– Futboldakı ən böyük arzum dünyanın ən yaxşı futbolçusu olmaqdır. Bütün ailəmi mənimlə qürurlandırmaq istəyirəm.

– “Sampdoriya”nın əsas komandasında debüt etmək sənin üçün nə ifadə edərdi?

– Hər gün “Sampdoriya”nın əsas komandasında debüt etmək üçün çalışıram. İndiyə fokuslanmışam və şans yarananda buna hazır olacağam.

– Son sual, hələ də Azərbaycan dilində hansısa söz və ya ifadələri bilirsən?

– Bəli, bir az Azərbaycan dilində danışa bilirəm. Sadəcə komanda yoldaşlarımla yenidən danışmağa alışmalıyam, sonra hər şey daha asan olacaq.