“Sumqayıt” Futbol Akademiyasının direktoru Hakan Sünal "Offsideplus.az" saytına müsahibə verib.
- Akademiyada işlər necə gedir?
- Hər zamankı kimi eniş-çıxışlarla yola davam edirik.
- İndi sizi daha çox enişdə hesab etmək olar, ya yüksəlişdə?
- Strategiyamıza baxanda deyə bilərəm ki, ara-sıra müəyyən problemlər yaranır. Amma ümumi götürdükdə hər şey qaydasındadır.
- Bu il əsas komandada çox sayda akademiya yetirmələrini gördük. Sözügedən məsələnin “Sumqayıt” klubunun strategiyasındakı rolunu nəzərə alsaq, akademiya üçün uğurlu mövsüm olduğunu deyə bilərikmi?
- Bəli. Düzdür, çempionluqlar yaşamadıq. Amma əsas komandaya 6 oyunçu verdik. Bu, bizim çempionluğumuzdur. Akademiya yaradıldığı gündən bəri isə 13 futbolçumuz Premyer Liqada çıxış edib. Bu, ciddi göstəricidir. Növbəti illərdə bu rəqəmlərin sayını artırmaq istəyirik. Təbii ki, yolumuzun təsdiqi kimi çempionluqlar da gözləyirik.
- 2019-cu ildən bəri akademiyanın sükanı arxasındasınız. Yeddi il başqa bir ölkədə çalışmaq az müddət deyil. Maraqlıdır, Sumqayıta adaptasiya olmaq çətin olmadı?
- Mən Türkiyədə yox, Almaniyada böyümüşəm. Orada illərlə müxtəlif akademiyalarda çalışmışam. Ona görə də bura gələrkən həm də alman təcrübəsini, iş prinsiplərini gətirmişəm. Həmin dövrdə qazandığım təcrübəni Azərbaycana uyğun şəkildə tətbiq etməyə çalışıram. Təbii ki, eynisini yox. Çünki mentalitet fərqi var. Adaptasiya prosesi təxminən yarım il çəkdi. Təəssüf ki, tam işə fokuslanıb başlamaq istəyəndə pandemiya səbəbindən uzun fasilə yarandı. Lakin biz həmin fasiləni yaxşı dəyərləndirdik. Strategiyamız üzərində işlədik. Məhz bunun nəticəsidir ki, pandemiyadan sonra ardıcıl uğurlu nəticələrimiz oldu. İllər keçdikcə buranın mentalitetinə daha çox alışıram.
- Qeyd etdiniz ki, özünüzlə xarici təcrübəni də gətirdiniz. Bəs yerli mütəxəssislər tətbiq etmək istədiyiniz yenilikləri necə qarşıladılar?
- Mən gördüm ki, yaşlı məşqçilər daha çox sovet dövrünün qəliblərini əsas götürürlər, cavanlar isə yeniliklərə açıqdır. Ən çox da bunu təzə departamentləri qurarkən hiss edirdim. Bəzi məşqçilər yerini itirməkdən narahat idilər. Ancaq bir müddət sonra iş bölgüsünü məşqçilər də qəbul etdi. Bu gün isə artıq elə bir mərhələyə gəlmişik ki, məşqçilər özləri analitiklərə, fiziki məşqçilərə yaxınlaşıb kömək istəyirlər. Yeniliklər həmişə çətin qəbul olunur, ancaq biz o mərhələni artıq keçmişik.
- Akademiyada olarkən video-analitika departamenti ilə tanış oldum. Bildirdilər ki, bölmə üç ildir ki, fəaliyyət göstərir və sizin təşəbbüsünüzlə yaradılıb. Çox güman ki, ənənəsi olmayan bir istiqamətdə sıfırdan nələrsə qurmaq sizə asan olmayıb.
- Əlbəttə. Məsələn, təzə gəldiyim vaxt deyəndə ki, mənə atletik məşqçi lazımdır, güldülər ki, biz olimpiadaya hazırlaşırıq? Bunun futbola nə aidiyyəti var? Məlum oldu ki, Azərbaycanda bu sahənin eksperti yoxdur. Beləcə, özüm araşdırmağa başladım. Müxtəlif mütəxəssislərdən soraqlaşdım, idman akademiyasında çalışan professorlarla danışdım. Onlar mənə akademiyanın tələbəsini tövsiyə etdilər. Söhbət hazırda bizimlə çalışan Bağdan müəllimdən gedir. Bildirdilər ki, o, 400 m qaçışçı olsa da, futbolla əlaqəsi yoxdur. Onunla tanış oldum. Beləcə işə başladıq, zamanla futbol istiqaməti də tamamlandı. 5-6 il ərzində iki peşəkar fitnes məşqçimiz oldu. Onu da qeyd edim ki, fiziki məşqçi sadəcə qaçış texnikaları yox, həm də oyunçuların fiziki inkişafını izləyir. Bizim futbolçularımız ildə iki dəfə testlərdən keçir və bunun nəticəsinə uyğun olaraq məşq planı tərtib edirik. Azərbaycan futbolunun ən ciddi problemlərindən biri bu istiqamətdə data bazasının olmamasıdır. Təəssüflər olsun ki, bu gün də sözügedən problem aktualdır. Məsələn, siz indi Mahir Emrelinin akademiya statistikasına baxmaq istəsəniz, heç nə tapa bilməyəcəksiniz. Belə olan halda futbolçunun inkişaf prosesini necə izləmək olar? Sadəcə gözlə, hissiyatla adamlar bu günə gəlib çıxıb. Avropada isə uzun illərdir ki, sırf datalar üzərindən iş gedir. Bu, futbolçunun inkişafı üçün çox önəmli bir məqamdır. Video-analiz departamentini isə meydanda matçın gedişatında baş verən prosesləri izləmək üçün yaratmışıq. Burada da işə sıfırdan başladıq.
- Bəs burada mütəxəssisləri necə tapdınız?
- Əvvəlcə futboldan anlayan və video ilə işləməyi bacaran bir nəfər tapdım. O, adi bir kamera ilə işə başladı. Ancaq bu da çox çətin məsələdir. Bir adam adi kamera ilə nə qədər matç çəkə bilər? Buna görə də əvvəlcə çox çətin oldu. Matçlar çəkilsə belə, analizlər çox vaxt alırdı. İkinci ildə “Veo” kamera aldıq. Üstəlik, heyətə bir işçi də cəlb etdik. Daha sonra onların hər ikisini Türkiyədə video-analiz proqramına göndərdik. “Veo” kameranın ən yaxşı tərəfi odur ki, süni intellektlə işləyir, toy kamerası kimi onu sağa-sola çevirməyə ehtiyac yoxdur. Sabit dayanır və futbolçuların oyun epizodlarını çəkir. Bir sözlə, bu kamera işimizi xeyli asanlaşdırıb. Qeyd edim ki, növbəti mövsümdən etibarən AFFA tərəfindən klublara “Veo” kameralar alınacaq. Bu, futbolun inkişafı üçün həqiqətən də çox vacib məsələdir.
- Belə başa düşdüm ki, siz mütəxəssis seçiminə xüsusi həssaslıqla yanaşırsınız. Maraqlıdır, akademiyaya məşqçi cəlb edəndə hansı məqamlara xüsusi diqqət edirsiniz?
- İlk növbədə məşqçi özünü bizim akademiya ilə identifikasiya etməlidir.
- Yəni?
- Yəni ağlı və ürəyi klubda olmalıdır. Ona görə də həm klubumuzda, həm də akademiyamızda işləyən məşqçilərin 99 faizi sumqayıtlıdır. Başqa klublara baxdığımızda görürük ki, onlarda müxtəlif bölgələrdən mütəxəssislər var, bizdə isə belə deyil.
- Belə çıxır ki, 'Sumqayıt'da sumqayıtlılar üçün "yaşıl işıq" yanır?
- Təbii ki, keyfiyyət də vacib faktordur. Bizim Bakıdan olan məşqçilərimiz də var.
- Ancaq seçim arasında qalarkən sumqayıtlının şansı daha çoxdur. Düz başa düşdüm?
- Baxın, o burada yaşayır, oyunçuları daha yaxşı tanıyır. Bir sözlə, avantajları çoxdur. Bəli, prioritet sumqayıtlı olmasıdır, ancaq akademiyanın da bəlli bir limiti var. Hazırda bizdə olan məşqçilərin 80 faizi birinci ildən mənimlə işləyir. Zamanla görürəm ki, onların bəziləri artıq komfort zonasına düşür. Yapon fəlsəfəsinə görə, inkişaf üçün yeddi ildən bir dəyişiklik mütləqdir. Digər tərəfdən, vaxt keçdikcə bizim hədəflərimiz də dəyişir. Məsələn, illər öncə prioritet əsas komandaya futbolçu yetişdirmək idisə, önümüzdəki illər üçün qarşıya qoyulan məqsəd Avropa bazarına oyunçu verməkdir.
(ardı olacaq)


