"Real Madrid"in məşqlərindən birində Antonio Rüdiger ilə Alvaro Karreras arasında insident yaşandığı məlum olub.

Offsideplus.az xəbər verir ki, "Onda Cero"nun jurnalisti Migel Serrano Rüdigerin Karrerasın üzünə zərbə endirdiyini iddia edib. Mənbənin sözlərinə görə, hadisə aprel ayında, "Alaves" və "Betis"lə oyunlar arasındakı dövrə təsadüf edib.

"The Athletic" nəşri də almaniyalı müdafiəçinin apreldə komanda yoldaşlarından biri ilə münaqişə etdiyini təsdiqləyib. Bildirilib ki, Rüdiger daha sonra üzr istəyib və bütün komandanı ailələri ilə birlikdə nahara dəvət edib.

"COPE"un jurnalisti Migel Anxel Dias isə zərbə faktını təsdiqləsə də, hadisənin apreldə deyil, fevralda baş verdiyini qeyd edib.

İspaniyalı futbolçu Alvaro Karreras yayılan şayiələrə "Instagram" hesabında belə cavab verib:

"Son günlərdə haqqımda həqiqəti əks etdirməyən müəyyən iddialar və şərhlər yayılıb. Bu kluba və çalışdığım məşqçilərə sadiqliyim ilk gündən sarsılmaz olub və belə də qalacaq.

Qayıtdığım andan bəri hər zaman yüksək peşəkarlıq, hörmət və fədakarlıqla çalışmışam. Evimə qayıtmaq xəyalımı gerçəkləşdirmək üçün çox zəhmət çəkmişəm.

Komanda yoldaşımla yaşanan insidentə gəlincə, bu, təsadüfi və əhəmiyyətsiz bir hadisə idi və artıq həll olunub. Bütün komanda ilə çox yaxşı münasibətlərim var".