Misli Premyer Liqasının VIII turunda "İmişli" "Qəbələ" ilə 2:2 hesablı heç-heçə edib.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında İmişli təmsilçisinin baş məşqçisi Jorj Kaşkilya matçı şərh edib:
“Bu gün çox çətin oyun idi. “Qəbələ”ni hər zaman rəqiblər arasında ən tələbkar və mübariz komandalar sırasına daxil edirik. Bilirik ki, onların xüsusilə hücum xətti çox sürətli və enerjilidir. Turnir cədvəlindəki 4 xala baxmayaraq, biz “Qəbələ”ni real potensialına görə daha yüksək mövqedə görürük, çünki həqiqətən də güclü komandadır.
Oyuna gəlincə, qarşılaşma ümumilikdə bərabər mübarizə şəraitində keçdi. Birinci hissənin son dəqiqəsində və ikinci hissənin əvvəlində buraxdığımız qollar vəziyyəti xeyli çətinləşdirdi. Lakin sonrakı taktiki dəyişikliklər öz təsirini göstərdi, komanda toparlandı və oyuna qayıtmağı bacardı.
Bu, artıq ilk dəfə deyil ki, komandamız geri düşdükdən sonra xarakter nümayiş etdirir. Oyunçular həm fiziki, həm də psixoloji baxımdan maksimumunu ortaya qoydular. Hər biri ürəyini meydanda qoydu və bu, nəticədə bizə vacib bir xal qazandırdı.
2:0 hesabı ilə geridə olduğumuz bir oyunda xal qazanmaq komandanın dözümlülüyünü və mübarizə ruhunu göstərən yaxşı nəticədir. Meydanda hər iki komanda yüksək səviyyədə mübarizə apardı və ümumi oyundan razı qaldım”.



