"Qarabağ" Misli Premyer Liqasının VIII turunda səfərdə "Turan Tovuz"u 2:1 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, görüşdən sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini bildirib:
"Çox vacib qələbə idi. Xüsusilə ilk hissədə rəqib bizə oynamağa imkan vermədi. İlk yarıda top meydanda cəmi 10-15 dəqiqə qaldı, ya qalmadı. Fasilədən sonra isə hər şey dəyişdi. Ola bilər ki, rəqib də yoruldu. Hər şeyi düzgün etdik. Uşaqlar yaxşı iş gördülər".
Q. Qurbanov meydanlara qayıdan Marko Yankoviç barədə də danışıb:
"Bu gün daha çox oynatmaq istəyirdim. Planım 30 dəqiqə idi. Ancaq oyun elə getdi ki, alınmadı. Meydança da bir az sürüşkən idi, ona görə də çox riskə atmaq istəmədim".
Təcrübəli mütəxəssis qarşıdakı "Atletik"lə oyuna da toxunub:
"İndiyə qədər necə oynamışıqsa, Bilbaoda da onu etməyə çalışacağıq. Amma bəzi rəqiblərə qarşı oyunun gedişində elə detallar var ki, futbolçulara tapşırıq veririk və onlar yerinə yetirirlər. İstənilən komandanın özəlliyi var. Onun qarşısını almaq üçün meydanda diqqəti olmalıyıq. Statistikaya görə "Atletik" ən dinamik futbol oynayan komandalardan biridir. Hətta birinci yerdə idilər. Çalışırıq ki, öz oyunumuzu daha da yaxşılaşdıraq".



