"Öncə azarkeşlərə ürəkdən təşəkkürümü bildirirəm. Son vaxtlar bu stadionda milli çempionatın oyunlarında belə ab-hava olmamışdı. Fanatlar futbolçulara əlavə stimul verdilər. Azarkeşsiz oyun çox maraqsız olur. Bu gün bu qədər azarkeş olmasa, belə maraqlı oyun da olmazdı. Yetirmələrimə də minnətdaram, onları təbrik edirəm. Çox istəkli idilər. Yaxşı oyunla yaxşı qalibiyyət əldə etdilər. "Neftçi"yə uğurlar arzulayıram".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XXXI turunda "Neftçi"yə qarşı matçdan sonra deyib.

3:0 hesablı qələbəni şərh edən təcrübəli çalışdırıcı çempionluq şanslarına da toxunub. Əgər sabah "Zirə" "Sumqayıt"la matçda xal itirərsə, "Qarabağ" Premyer Liqanın bitməsinə 5 tur qalmış qızıl medalları təmin edəcək. Lakin Q.Qurbanov sabah yox, növbəti tur çempion olmaq istədiklərini bildirib: "Öz oyunumuzda çempionluq əldə etmək istəyirik. "Zirə"dən məğlubiyyət və ya xal itkisi gözlməəyəcəyik. Əlbəttə, hər bir çempionluq təcrübə gətirir, inam, güvən verir. Çalışacağıq ki, qarşıdakı turda çempion olaq. Samirin “Neftçidəki işini görürəm. Onun komandası bizə problemlər yaradır. Mən məşqçi kimi bunları görürəm".

53 yaşlı mütəxəssis cari mövsümün sonunda klubla müqaviləsinin müddəti başa çatacaq Kevin Medina və Yassin Benzianın gələcəyi barədə bu açıqlamanı verib:

"Bəli, 4 oyundur oynamır, Maetus özünü yaxşı tərəfdən göstərir. Bu, o demək deyil ki, Medinadan razı deyiləm. Kevinin bizimlə hələ müqaviləsi var. Qarşıdakı oyunlarda çalışacam ona şans verim. Benzia ilə danışıqlar gedir, təklifimizi etmişik. Qarşıdakı 1-2 ayda bilinəcək".

O, Nəriman Axundzadənin performansını dəyərləndirib:

"Son vaxtlar dəyişilib. Vaxt var idi narazı idim ondan. Daim onunla dialoqda oluram. Daha yaxşı olmalıdır, futbolu sevməlidir. Tələblər həddindən artıq çoxdur, tam razı deyiləm Nərimandan. Öz üzərində daha çox çalışsa, potensialə çox böyükdür. Daha çox qol vurub, assist edə bilər".

Q.Qurbanov Mahir Emrelinin Ağdam təmsilçisinə mümkün qayıdışına münasibət bildirib: "Mahirlə heç bir danışığım olmayıb. O Avropada oynamaq istəyir". 

"Qarabağ"ın çalışdırıcısı aprelin 23-də ölkə kubokunun yarmfinal mərhələsində "Araz-Naxçıvan"a qarşı keçiriləcək cavab matçından da danışıb: "Hazırlıq üçün bir neçə gün vaxtımız olacaq. Futbolçulara əsasən bərpa lazım olacaq, 1 tam məşq keçəcəyik. Oyuna çox ciddi hazırlaşacağıq".

Xatırladaq ki, "Qarabağ" ilk matçda "Araz-Naxçıvan"a 0:1 hesabı ilə uduzub.