Misli Premyer Liqasının XXX turunda "Qarabağ" "Turan Tovuz"a 2:1 hesabı ilə qalib gəlib.

Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçı şərh edib: 

"Futbolçularımı təbrik edirəm. Sıx qrafikdə oyunlarımız keçir. Oyundan qorxmadılar. Sona qədər dözmək daha önəmli idi. Xarakter göstərdilər. "Turan Tovuz" klubuna uğurlar arzulayıram. Hər bir komandanın azarkeşlərinə təşəkkür edirəm ki, gəlib, komandaları dəstəklədilər". 

Musa Qurbanlının son durumu barədə Q.Qurbanov bu sözləri deyib: "Bu gün bir az ağrısı var idi. Sabah yəqin ki, müayinə olunacaq. Xroniki zədədir. Ətraflı məlumat veriləcək". 

Mütəxəssis Juninyonun qayıdışı ehtimalını dəyərləndirib: "İnanmıram ki, onun bura gəlmə şansı olsun. Çempionat çox yaxşı çempionatdır, pullu çempionatdır. Yaxşı sponsorlar var. Gəlsə, yox demərəm. Son oyunlarda az oyun keçirsə də, vacib qollar vurub. Qayıdışı bir az çətindir. Bəli, yerli bazarda maraqlandığımız əcnəbi futbolçular var, lakin onların sahibləri var".