AFFA İntizam Komitəsinin növbəti iclasında Misli Premyer Liqasının XXIX turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.
Offsideplus.az xəbər verir ki, turu ən böyük itki ilə qapadan klub "Sumqayıt" olub. "Kimyaçılar" ümumilikdə 12 500 manat məbləğində cərimələnib. Buna komandanın formasındakı qüsurlar ucbatından oyunun gec başlaması (1 500 manat), azarkeşlərin təhqiramiz ifadələri (8 000 manat) və pirotexniki vasitələrdən istifadə (3 000 manat) səbəb olub.
"Sabah" klubu da ümumilikdə 7 500 manat cərimə ödəyəcək. "Karvan-Yevlax"la matçda birbaşa qırmızı vərəqə alan Aleksey İsayev 2 oyunluq cəza alıb (1 000 manat cərimə), final fiti ilə meydana kənar şəxsin daxil olması isə kluba daha 6 500 manata başa gəlib.
"Karvan-Yevlax" klubunda ikinci sarı vərəqə alaraq meydandan qovulan Qavi Tompson 1 matçlıq cəzalandırılıb, bölgə təmsilçisi isə buna görə 500 manat cərimə tətbiq olunub.
"İmişli" və "Kəpəz" klubları isə hər biri beş futbolçusunun sarı vərəqə ilə cəzalandırılmasına görə 700 manat məbləğində maliyyə sanksiyası ilə üzləşiblər.


