Xavyer Mendes, Xabib Nurmaqomedovun komandasının məşqçisi, İliya Topuriyanı Usman Nurmaqomedov üçün ən çətin rəqib adlandırıb. O bildirib ki, İslam Maxaçev yarımorta çəkiyə keçdikdən sonra Usman dünyanın ən güclü yüngül çəkili döyüşçüsüdür və onun potensialı çox böyükdür. Mendes qeyd edib ki, Usman qəfəsdə elə hərəkətlər edir ki, bunları nə özü, nə Xabib, nə də Abdulmanap ona öyrədib. "Usman fitri istedada malik döyüşçüdür və Allah vergisidir. Əgər o, UFC-yə keçsə, Arman Tsarukyan və ya İliya Topuriya ilə döyüşünü izləmək maraqlı olardı. Amma yəqin ki, əvvəlcə ona Paddi Pimblett və ya Maks Hollouey kimi rəqib verəcəklər. Lakin ən çətin tapmaca məhz Topuriya olacaq. Biz bu problemi həll edəcəyik, amma ən çətini odur. Usmanla döyüşdən əvvəl ən çox məhz Topuriyaya hörmət edəcəyəm", – deyə Mendes vurğulayıb.
Offsideplus.az xəbər verir ki, 1 avqustda Usman Nurmaqomedov PFL turnirində Arçi Kolqanı nokaut edərək çempionluq kəmərini qoruyub. Bu, Usmanın təşkilatla müqavilə üzrə son döyüşü olub. Mendes əlavə edib ki, İslam Maxaçevin məsləhəti Usmana Kolqanı nokaut etməkdə kömək edib və Maxaçev vaxtilə Aleks Volkanovskini də bu cür məğlub etmişdi.


