PFL-in Nyu-York turnirində oktaqona çıxacaq yüngül çəki çempionu Usman Nurmaqomedov özünü Bellator və PFL tarixinin ən yaxşı çempionu hesab edir.

Offsideplus.az xəbər verir ki, dağıstanlı döyüşçü bu fikirləri mətbuat konfransında səsləndirib.

Bu həftə Arçi Kolqanla (Archie Colgan) üz-üzə gələcək Usman bu döyüşün mövcud müqaviləsi üzrə sonuncusu olacağını bildirib. Habib Nurmaqomedovun əmisi oğlu olan döyüşçü soyadlarının idman tarixində ən böyük olduğunu vurğulayıb:

"Fikrimcə, biz artıq ən böyük çempion ailəsiyik. İrsimiz artıq formalaşıb, indi sadəcə ona yeni qələbələr əlavə edirik. Nurmaqomedov soyadına gəlincə, Xabib artıq hər şeyi edib və o, ailəmizin ən güclüsüdür".

Usman ailə üzvləri - Omar Nurmaqomedov və İslam Maxaçevlə birgə ümumilikdə 70-1 (1 NC) göstəricisinə sahib olduqlarını da xatırladıb.

Rəqibi Arçi Kolqan haqqında danışan çempion onun 5 raundluq titul döyüşü üçün kifayət qədər təcrübəyə malik olmadığını qeyd edib:

"Məncə, onun hələ lazımi təcrübəsi yoxdur. Amma vəziyyət belədir - oktaqonda 13-0 və 21-0 göstəriciləri üz-üzə gələcək. Nə baş verəcəyini görəcəyik".