Tacikistan milli komandasının baş məşqçisi İqor Angelovski Azərbaycan yığması ilə keçiriləcək yoxlama oyunundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.

Offsideplus.az xəbər verir ki, şimali makedoniyalı mütəxəssis ilk növbədə qarşılaşmaya hazırlıq prosesindən və yaradılan şəraitdən söz açıb:

"Burada olmaqdan şadam. Ev sahibi ölkə bizə hər cür şəraiti yaradıb. Oyuna hazırıq və bu futbolçularla çalışmaqdan məmnunam. Bu matç Asiya Kubokuna hazırlaşmaq baxımından bizim üçün yaxşı sınaqdır".

Təcrübəli baş məşqçi Azərbaycan millisinin mövcud durumu barədə də fikirlərini bölüşüb:

"Bütün rəqiblərə hörmətlə yanaşıram. 6 il əvvəl Şimali Makedoniya millisini çalışdırarkən komandanızla iki dəfə qarşılaşmışam. D qrupunda olmağa layiq deyilsiniz. Lakin mən tam olaraq bu oyuna köklənmişəm. Yoldaşlıq matçı olsa bile, nəticə həmişə vacibdir. Meydana Tacikistanı qürurlandırmaq üçün çıxacağıq".

Mütəxəssis qapıçı Oleq Baklovun oynamaq ehtimalına məşqdən sonra aydınlıq gələcəyini bildirib. O, həmçinin Azərbaycan klublarının çıxışını da dəyərləndirib:

"Valdas Dambrauskası və "Sabah"ı təbrik edirəm, çox gözəl oyun nümayiş etdirirlər. Ötən mövsümkü "Qarabağ"ın çıxışını da yüksək qiymətləndirirəm. Vaxtilə Qurban Qurbanovla da qarşılaşmışıq. Təəssüf ki, milli komanda klub səviyyəsindəki bu uğurları təkrar edə bilmir".

Angelovski "Azərbaycan millisindən baş məşqçi postu üçün təklif almısınızmı?" sualına isə qısaca "Bu haqda danışmaq uyğun olmazdı" cavabını verib.