Patrik Beverli karyerasının əvvəlində Ukrayna, Yunanıstan və Rusiyada çıxış etdikdən sonra NBA-ya keçidinin ona nə qədər baha başa gəldiyini xatırlayıb. Beverli bildirib ki, NBA-da oynamaq üçün xaricdə qazandığı bütün pulları ödəməli olub və liqaya gəldikdə cibində cəmi 7 min dollar qalıb.
Offsideplus.az xəbər verir ki, Beverli NBA-ya transferi zamanı "Hyuston Rokets"in onu dəvət etdiyini və müqaviləsində NBA-ya çıxış bəndinin olmadığını qeyd edib. Onun sözlərinə görə, transfer üçün 1,7 milyon dollar ödənilməli idi və NBA qaydalarına əsasən, liqa yalnız 450 min dollarını qarşılayıb, qalan məbləği isə özü ödəyib. "Mən o vaxt Rusiyada ən böyük müqaviləmi imzalamışdım və Avropada ən yüksək maaş alan amerikalılardan biri idim. Amma NBA-ya keçmək üçün bütün qazancımı xərclədim. Amerikaya qayıdanda cibimdə 7 min dollar qalmışdı və iki övladımla birlikdə anamın evində yaşayırdım", – deyə Beverli vurğulayıb. O, NBA-da 12 mövsüm keçirib, bir dəfə ən yaxşı müdafiəçi yığmasına, iki dəfə isə ikinci müdafiəçi yığmasına seçilib.


