“Zirə” Konfrans Liqasının II təsnifat mərhələsində sabah Xorvatiyanın “Hayduk” klubunu qəbul edəcək.

Offsideplus.az xəbər verir ki, görüşdən öncə mətbuat konfrası keçirilib. “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov matçla bağlı bunları deyib:

"Bizim üçün avrokuboklarda yeni mövsüm sabah başlayır. Uğurlu mövsüm keçirdik. İndi də avrokuboklarda yaxşı nəticələr əldə etmək istəyirik. Görüşə yaxşı hazırlamışıq. Futbolçularım ideal vəziyyətdə olmasalar da, yaxşı durumdadılar. Yaxşı nəticə qazanacağımıza ümid edirəm. Mərhələnin ilk oyununda uğurlu nəticə əldə etmək istəyirik".

O, Salifu Suma və Rafael Utziqin vəziyyətinə də aydınlıq gətirib.

"Suma bu gün bizimlə vidalaşdı. Artıq bir neçə gündür razılıq əldə edilmişdi. Klublar arasında xırda detallar qalmışdı. Suma artıq bizimlə deyil. Amma onu izləməyə davam edəcəyik. Gələcək karyerasında daha yaxşı olacağını düşünürəm.

Utziq ötən ayın 14-ü Bakıya gəlməli idi. O, isə 1 ay sonra gəldi. Ona pul cəzası verilib. Eyni zamanda 4 həftə əvəzedici komanda ilə məşq edəcək. Utziqlə bağlı müəyyən təkliflər var idi. Lakin bu təkliflər klubu qane etmədi".

R. Sadıqov sabah oyunun keçiriləcəyi "Neftçi Arena"nın onun üçün doğma olduğunu da bildirib:

"Bura mənim üçün hər zaman doğma arenadır. Bu stadionda çıxış etməyimizi təklif edən mənəm. Razılıq verdiyinə görə “Neftçi” rəhbərliyinə təşəkkür edirəm".