İyulun 26-da Bakının İçərişəhər ərazisində ilk dəfə keçirilən "Red Bull Pəhləvan" yarışında qaliblər müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, 1,7 kilometrlik marşrut üzrə təşkil olunan yarışda iştirakçılar beş maneə və beş funksional məşq stansiyasından ibarət ümumilikdə 10 sınaqdan keçiblər. Marşruta tarazlıq xətti, asma nərdivan, dırmanma toru, baryerlər, ağırlıq daşıma və top ilə oturub-qalxma kimi tapşırıqlar daxil edilib.
Təşkilatçıların məlumatına görə, yarış üçün 500-dən çox müraciət daxil olub. Onlardan 250 nəfər iştirakını təsdiqləyib, 158 idmançı isə start xəttinə çıxaraq finiş uğrunda mübarizə aparıb.
Yarışın gedişində AMİNA-AZİF pəhləvanları milli pəhləvanlıq ənənələrini əks etdirən nümunəvi çıxışlarla proqramda yer alıblar.
Nəticələrə əsasən, qadınlar arasında Anna Yusupova birinci, Leyla Məmmədova ikinci, Liliya Smirnova isə üçüncü yeri tutub.
Kişilər arasında isə Nəcməddin Zalıyev qalib olub. Güloğlan Əsədzadə ikinci, Fərid Zeynallı isə üçüncü pillədə qərarlaşıb.
Qaliblərə mükafatları ikiqat OCR dünya çempionu və Red Bull atleti Ida Mathilde Steensgaard, Paris-2024 Yay Olimpiya Oyunlarının cüdo üzrə çempionu Hidayət Heydərov, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbərinin müavini Rəna Nəsirova-Mustafayeva və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Kazım Qurbanov təqdim ediblər.
Red Bull Pəhləvan İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilati dəstəyi ilə keçirilib. Tədbirdə Azərbaycan Milli İdman Növləri Assosiasiyası və AMİNA-AZİF komandası iştirak edib. Yarışın funksional və brend zonaları LED.az tərəfindən hazırlanıb, CBC Sport isə tədbirin rəsmi media tərəfdaşı olub.



