Azərbaycanın kişi boksçulardan ibarət milli komandası Braziliyanın Fos-du-İquasu şəhərində keçirilən Dünya Kubokunda tarixi uğura imza atıb.
Offsideplus.az xəbər verir ki, 49 ölkədən 400 idmançının mübarizə apardığı turnirdə yığmamız ilk dəfə 3 qızıl və 1 bürünc medal qazanaraq komanda hesabında dünya ikincisi olub. Yarışa cəmi 6 boksçu ilə qatılan millimizi ümumi sıralamada yalnız ev sahibi Braziliya (gümüş medalların sayına görə) qabaqlaya bilib.
Final görüşlərində boksçularımız inamlı çıxış ediblər. Sübhan Mamedov (50 kq) mərakeşli rəqibi İssam Bensayarı 5:0 hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ağır çəkidə (+90 kq) ölkəmizi təmsil edən Məhəmməd Abdullayev isə həlledici döyüşdə ermənistanlı Davit Çaloyana qalib gələrək (3:2) qızıl medalı aktivinə yazdırıb. Digər qızıl medalı isə finalın ilk sessiyasında Səidcəmşid Cəfərov (75 kq) qazanıb. Nəbi İsgəndərovun (70 kq) bürünc medalı ilə komandamız mükafatların sayını 4-ə çatdırıb.
Qeyd edək ki, boksçular Vətənə aprelin 29-da qayıdacaqlar.


